Siyasət

“Paşinyan dedi ki, axı ruslar kimdir? Burada hər şeyə mən qərar verirəm”

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bəzi generalların Serj Sarkisyan və Robert Köçəryanın əlaltısı olduğunu açıqlayıb.

Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini general-leytenant Tiran Xaçatryan Paşinyanın bu açıqlamasına çox keçmədən reaksiya verib. O, Baş nazirin iddialarını yalanlayıb.

“Paşinyan 44 günlük müharibədən sonra Baş Qərargaha sərhədin təchiz edilməsi ilə bağlı təlimat verdiyini deyir, bu, doğru deyil. Heç olmasa qarın təmizlənməsi, kadrların mövqelərə çatdırılması üçün lazımi avadanlıqların verilməsi ilə bağlı bir neçə dəfə ona müraciət etdik, amma danışıqlar heç bir nəticə vermədi. Müəyyən problemlərin həlli üçün vəsaitləri artırmaq məcburiyyətində idik, amma artmadı, əksinə daha da azaldıldı, vəsait tapacağına söz verdi, heç bir şey etmədi”,-deyə o vurğulayıb.

Tiran Xaçatryan Paşinyanın hər zaman orduya dəstək verməsi barədəki iddiaları da rədd edib:

“Bircə dəfə belə bizə dəstək vermədi. Təşkil etməli olduqları ən adi dəstək tapşırıqlarını belə tamamlaya bilmədi. Cəbhə komandiri olaraq qaçaqları dayandırmaq üçün baraj dəstələrinin yerləşdirilməsini xahiş etdim, heç nə etmədi. Hələ silah və sursatlardan, diplomatik kanalların istifadəsindən, müvafiq işlərin həyata keçirilməsindən danışmıram.

Bir raket buraxılmalı idi və ruslarla koordinasiya problemi vardı. Bu zaman o, “ Axı ruslar kimdir? Burada hər şeyə mən qərar verirəm”,- dedi”.

Müharibədəki məğlubiyyətlə bağlı yekun cavabın nə vaxt veriləcəyi soruşulduqda isə Tiran Xaçatryan, Onik Gasparyanla birlikdə bir komissiya yaradılmasını, səbəblərinin araşdırılmasını tələb etdiyini, lakin ona da müsbət cavab almadığını diqqətə çatdırıb:

“2019-cu ildən bəri araşdırma aparırıq, 62 çatışmazlığı təqdim etdik ki, maraqlansınlar. Lakin onların heç biri aradan qaldırılmadı. Ümumiyyətlə, il ərzində heç bir problem öz həllini tapmadı. Yalnız əsgərlər üçün alt paltarı məsələsinə çarə tapdı, görünür, başı çıxan tək sahə budur”.

Bənzər yazılar

Back to top button