DünyaManşet

İqtisadiyyatdan “lənətə” 14 iyun

Gözlər 14 iyuna dikilib qulaqlar yeni kasetlərdən gələcək xəbərlərə şəklənərkən Vaşinqtondan gəlmiş iki yüksək rütbəli diplomatların ultimatum xarakterli açıqlamaları səssiz qarşılandı.Hey gidi dünya,haradan haraya gəlindi: dünənə qədər bu sözlər Vaşinqtonda səslənəndə belə cavabsız qoyulmurdu.

Bəli, söhbət yenə S-400-lərdən “tamamilə vaz keçilməsindən” gedir, hərbi əməkdaşlıq sahəsindəki digər layihələrin müqəddəratından gedir. Ancaq 5-6 ay əvvələ nəzərən fərq ondadır ki,bu dəfə gündəmə “insan haqları” və demokratiya məsələləri də əlavə edilib. Həm də səthi şəkildə, dilucu yox,əsaslı şəkildə əlavə edilib.Xarici işlər naziri Çavuşoğlunun “S-400-lər 100% bizim nəzarətimizdə olacaq. Tədris-təlim vermək üçün gələn mütəxəssislərin çoxunu yola saldıq. Türkiyədə Rusiya mütəxəssisləri qalmayacaq.

”Başqa ölkənin raketlərini işlətməyə mane olma cəhdlərini isə qəbul etməyimiz mümkün deyildir”- sözləri 14 iyundakı Biden-Erdoğan görüşü ərəfəsində Bloomberg tərəfindən “Vaşinqtona verilmiş mesaj” şəklində dəyərləndirilsə də Kremlin mətbuat katibi Dmitriy Peskov bunu təkzib etdi: ”Mütəxəssislərimizin hamısı planlı şəkildə geri qayıdır. Qayıtmaları əvvəlcədən planlanlaşdırılmış şəkildə həyata keçirilir…S-400-lərlə bağlı ABŞ Türkiyəyə çox təzyiq göstərir ancaq Türkiyə sabit şəkildə mövqeyini müdafiə edir”.

Şübhəsiz, Bloombergin bu iddiası da Peskovun işarə etdiyi “təzyiq” mexanizminin bir hissəsidir və 14 iyun ərəfəsində daha da güclənəcəyini gözləmək olar.Çünki Türkiyənin indiyə qədər müxtəlif formalarda gündəmə gətirdiyi güzəştlərə rəğmən ABŞ tərəfinin “S-400-lərdən tamamilə vaz keçilməsindən başqa variantı qəbul etmirik” – mövqeyində dəyişiklik olmayıb.

Pulunun da ödənilməsinə baxmayaraq,Türkiyə F-35 layihəsindən də məhz S-400-lərə görə tamamilə çıxarılmışdı. Bu halda “Tamamilə vaz keçin” təzyiqinə qarşı “Tamamilə öz nəzarətimizdə olacaqdır”- variantı Vaşinqtonda qəbul görəcəkmi? S-400 məsələsi Türkiyənin F-35 layihəsindən tamamilə uzaqlaşdırılmasına qədər aparıb çıxarıbsa,indi hansı səbəblərə görə Vaşinqton S-400 məsələsində Türkiyənin versiyasını qəbul edə bilər? Bunu 14 iyundakı Biden-Erdoğan görüşü göstərəcək, ona görə bu gün üçün pessimist proqnoz verib tələsməmək lazımdır.

Vaşinqtonun demokratiya və insan haqları tələblərinə gəlincə… Ölkəni son 25 ildə üçüncü dəfə çalxalayan mafiya-polis-siyasət münasibətləri nəinki demokratiyanı,gündəlik iqtisadi qayğıları belə arxa plana atmışdır. Devalvasiyanın qabağınının alınmasının mümkün olmadığı bir şəraitdə dövlət başçısı Erdoğan “İnflyasiyanın əsas səbəbi yüksək faizlərdir”- postulatı üzərindəki təkidini davam etdirir, Mərkəzi bankın faizləri yenidən aşağı salması üçün cənab Erdoğanın öz gözləntisini təkrarlaması belə valyuta məzənnəsinin yüksəlməsinə kifayət edir.

İnflyasiyaçı təzyiq bazar üzərindəki təhdidini davam etdirərkən mobil telefon xətlərindəki sabit vergilərə əlavə edilən 2%-dən başlamış yanacağa əlavə edilən 30%-lik xüsusi istehlak vergilərinə qədər maliyyə nazirliyinin görməyə çalışdığı tədbirlər nəyəsə faydalı olurmu? İctimai rəy sorğularının hamısı vətəndaşları birinci dərəcədə maraqlandıran və narahat edən məsələnin iqtisadiyyat olduğunu göstərsə də bu istiqamətdə təsirli tədbirlər görmək getdikcə çətinləşir.

Şübhəsiz,bunun obyektiv səbəbləri də vardır(başda epidemiya olmaqla).Hökumət keçən ilin yayından bəri bir neçə iqtisadi tədbir proqramı açıqlayıb, Mərkəzi bankın yenidən faizləri aşağı salması şəxsən dövlət başçısı tərəfindən ən təsirli tədbir kimi görünür, 2.5 ay əvvəl prezident təyin edilən Şahap Kavçıoğlu öz sələfi Naci Ağbalın 4.5 ay vəzifədə qaldığı müddətdə atmadığı addımı atıb dövlət başçısının tələbini yerinə yetirəcəkmi? Tələbi yerinə yetirsə,daha kəskin devalvasiya gələcəkmi? “Bu əhval və şərait içində” hamı intizarda ikən gündəm bir anda Ayasofya məscidinin mənbərindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə yönələn “lənətlərlə” bəzənib-düzənir.

24 iyul 2020-ci ildə Dini işlər idarəsi başqanının belində qılıncla Atatürkə oxuduğu “lənət” silsilə halını alır,Ayasofyanın kürsüsünə çıxan hər kəs sanki bunu özünə borc bilir.Bunun əsas səbəbi- iqtisadiyyatın gündəmini bir neçə günlük də olsa, arxa plana keçirmə cəhdidir.

Mustafa Kamal Atatürkün qurduğu Dini işlər idarəsinin Ankaradakı mərkəzi dünyəvi cümhuriyyətə qarşı “lənət” təbliğatlarının ideoloji mərkəzi halına gəlmişdi, indi Ayasofya məscidi onu da geridə qoyaraq dünyəvi cümhuriyyətə qarşı təbliğatların mərkəzi olma funksiyasını öz üzərinə götürüb. Bunu necə şərh etməli? Ölkənin yaşadığı iqtisadi və siyasi böhranda eqoları təmin etmək yoxsa ideoloji duyğuları daha da itiləmək yoluyla bir tərəfdən, çalxantılı durumu unutdurmaq,digər tərəfdən, rejim dəyişikliyinə zəmin hazırlıqlarını sürətləndirmək?

14 iyun çox şeyi aydınlığa qovuşdura bilər.

Mayis Əlizadə

Turan.az

Bənzər yazılar

Back to top button