Bizim seçimMədəniyyət

Azərbaycanın keçmiş səfirinin oğlu Rusiyada kinoteatr şəbəkəsi yaradıb

Ötən il zallarının sayına görə Rusiyanın ən böyük altıncı kinoteatr şəbəkəsi sayılan “Lüksor” 2019-cu ilin yanvar ayında əksər kinoteatrlar üzərində nəzarəti itirib. Bu, “Nevafilm Research” tədqiqat şirkətinin məlumatlarında əksini tapır.

2018-ci ilin yanvar ayında “Lüksor” 21 kinoteatrı idarə edirdisə, 2019-cu ilin yanvar ayına kimi onlardan üçü bağlanıb, on üçü başqa kinoteatr şəbəkələrinin brendləri altında (o cümlədən, altısı “IceKino” brendi altında) fəaliyyətə başlayıb.

Bu barədə RBK məlumat yayıb.

Yerdə qalan beş “Lüksor” kinoteatrı ilə kino bazarının digər iri iştirakçıları maraqlanır. Bunu RBK nəşrinin dörd mənbəsi təsdiq edir. Onların sözlərinə görə, obyektlər xüsusilə “Sinema Park”, “Formula kino” və “Kinomaks”ın maraq dairəsindədir.

Saytın yazdığına görə, “Lüksor” Rusiyanın ən köklü kinoteatr şəbəkələrindən sayılır. Onun ilk kinoteatrı 1998-ci ildə açılıb. 2016-cı ildə kinoteatrlarının və zallarının sayı müvafiq olaraq 23 və 158-ə çatmışdı.

Kinoteatrın uğursuzluğa düçar olması onun sahibləri Yevgeni Lenski və İqor Dobrovolskinin biznesinin təməlində olan strategiya və prioritetlərlə əlaqələndirilir.

“”Lüksor”un sahibləri bazardakı artıma həddindən artıq nikbin yanaşıb, onlar real artımın olmadığını və gözlənilmədiyini deyən insanların fikrini qulaqardına vururdular”, – deyə kinoteatr sahibləri assosiasiyaları şurasının sədri Oleq Beryozin bildirib.

Rusiyanın “boks ofisi” son 10 il ərzində, RBK-nın hesablamalarına görə, iki dəfədən çox artıb. 2009-cu ildə 22,3 milyard rubl idisə, 2018-ci ildə 50,3 milyard rubla yüksəlib. Ancaq başlıca olaraq belə yüksək səviyyəli artım inflyasiya ilə əlaqəli olub: belə ki, “Rostat” statistika qurumunun məlumatına əsasən, 10 il ərzində biletlər iki dəfə bahalaşıb.

Bundan başqa, kinoşəbəkələrdə prokatçılarla bir sıra problemlər olub.

“Kinodata.pro”nun baş redaktoru Sergey Lavrovun sözlərinə görə, 2015-ci ildən başlayaraq, kinoşəbəkə baş distribüterlərlə hesablaşmaya xitam verib. Qarşı tərəf isə nəzərdə tutulan ödənişi almadığından blokbaster filmlərin tədarükünü dayandırıb. Nəticədə, “Lüksor” müstəqil distribüterlərin daha az məşhur olan filmlərini nümayiş etdirmək məcburiyyətində qalıb. Bu isə öz növbəsində şəbəkənin kassa gəlirlərinə təsirsiz ötüşməyib.

Bir qayda olaraq, kinoteatrlar distribüterlərə kassa gəlirlərinin (hər filmə görə) 10-15 faizini ötürür. 35-40 faiz prodüserlərə nəsib olur, 50 faiz isə onlara qalır.

Beryozin əmin edir ki, “Lüksor” sahibləri dövriyyədəki pulları kinoların istehsalına xərcləyib. “Kinopoisk” saytının məlumatına əsasən, Lenski və Dobrovolski 2013-cü ildə böyük ekranlara çıxmış “18 nömrəli mülk” (“Владение 18”) trilleri və 2017-ci ildə premyerası baş tutmuş “Fiksiklər: Böyük sirr” animasiya filminin prodüserləri olub. Bundan başqa, Dobrovolski 2016-cı ildə böyük ekranlara çıxmış “Moskva. Mən sənə dözürəm” melodramının prodüseri funksiyalarını yerinə yetirib.

Həm “18 nömrəli mülk”, həm də “Moskva. Mən sənə dözürəm” kassa uğursuzluğuna düçar olub. Birinci filmin büdcəsi 35 milyon rubl təşkil etdiyi bir vaxtda, bütün Rusiya üzrə cəmi 10,2 milyon rubl gəlir gətirib. İkinci film isə 40 milyonluq büdcə ilə cəmi 3,4 milyon rubl qazandırıb. Yalnız “Fiksiklər” cizgi filmi gözləntiləri doğruldub. Belə ki, 200 milyon rubl büdcə ilə 418 milyon rubl gəlir gətirib.

Borcların bağlanmasını gözləməyə səbri çatmayan prokatçılar məhkəməyə müraciət edib. “Lüksor”a qarşı “Sentral Partnerşip” və “Karoprokat” kimi iri distribüterlər iddia qaldırıb.

Bazar iştirakçılarının fikrincə, “Lüksor” şəbəkəsinin sahibləri aşağıdakı səhvləri buraxıb:

– bazar artımını həddən artıq nikbin qəbul edib

– başlıca olaraq istiqraz vəsaitləri əsasında inkişaf ediblər

– kinodistribüterlərlə münasibətləri korlayıblar

– prodüser olaraq uğursuz kinolayihələri maliyyələşdiriblər.

“IceKino” kinoteatrları daha əvvəl iflas etmiş “Kinoprom” MMC-nin balansında olan komplekslərdə açılıb”, – deyə yeni kinoşəbəkənin baş direktoru Mark Patçenski bildirib. O, “Lüksor”un hansı şərtlər əsasında “IceKino”nun tabeliyinə keçdiyini açıqlamayıb.

RBK-nın mənbəsinin məlumatına əsasən, “IceKino”nun yaradılmasında Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rzayevin oğlu və Moskvanın “Bakı” kinoteatrının keçmiş sahibi Həsən Rzayevin adı hallanır. Rzayevin tanışı da bu məlumatı təsdiqləyib.

“IceKino”nu 2018-ci ilin mart ayında qeydiyyata alınmış “Askino” MMC idarə edir. Şirkətin təsisçisi Sergey Romaşkindir. O, kinoşəbəkənin Rzayevlə əlaqəli olub-olmadığı ilə RBK müxbirinin sualını cavablandırmayıb və jurnalisti baş direktor Patçenskiyə yönləndirib. Sonuncu Rzayevi tanıdığını inkar etməsə də, onun şirkətin kapitalında iştirak edib-etmədiyini şərh etməyib.

Patçenskinin sözlərinə görə, “IceKino” şəbəkəsi artıq “Kinoprom”un icarədarları ilə yeni müqavilələr bağlayıb, xüsusilə “SentralParterşip”lə razılığa gəliblər.

“SentralParterşip”in mətbuat xidməti şərh verməkdən imtina edib. Rzayevlə əlaqə yaratmaq mümkün olmayıb”, – deyə RBK yazır. (oxu.az)

Bənzər yazılar

Back to top button