“Pul yumaq” üzrə beynəlxalq fırıldaqçı Azərbaycanda niyə “qurban” kimi təqdim olunur? (ARAŞDIRMA)

by Aztoday Xəbər Portalı

Azərbaycanın 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini bərpa etməsilə başlayan ən yeni tarixində baş verən çox sayda hadisə və bizə ilk dövrdə fərqli obrazlarda tanıdılan fiqurların işləkləri ibrət almağımız üçün geniş siyahı yaradıb.

Ancaq həmin siyahının dərs çıxarmaq üçün yetərincə uzun olmasına baxmayaraq, hələ də ictimai rəyin yanıldılmasına yönəlik cəhdlərin ara vermədiyini görürük.

Bildiyiniz kimi, son günlərdə ölkə mediasında ən çox müzakirə olunan mövzulardan biri də Böyük Britaniyalı iş adamı, cinayət tərkibli müxtəlif maxinasiyalarda adı davamlı hallanan (bu barədə aşağıda bəhs olunacaq) Wael Suleiman Almaree “hüquqlarının pozularaq, övladının əlindən alınmasına” dair qaldırılan süni tozanaqdır. Bu məsələdə obyektivliyi və eyni zamanda, dövlət maraqlarını nəzərə almayan bir sıra media orqanları çox şübhəli qaydada Almareeni ictimai rəyə “qurban” kimi sırımağa, bu işdə adı keçən Milli Məclisin deputatı Ramil Həsəni öz aləmlərində “haqsız çıxarmağa” çalışırlar.

Burada diqqət çəkən çox mühüm bir məqam da nəzərdən qaçırılmamalıdır. Ramil Həsən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sabiq Baş katibi olaraq, Azərbaycan-Türkiyə münasibətlərinin, o cümlədən, Türk dövlətləri arasında əlaqələrin inkişafında danılmaz xidmətləri olan fiqurdur. Son illərdə iki dövlət arasında gedən proseslərdə də aktiv rol alması Ramil Həsəni bir sıra dairələrin hədəfi halına gətirib.

O baxımdan, Ramil Həsənə qarşı bu kampaniyanın məhz hər Türkiyə səfəri sonrası vüsət alması heç də təsadüfi sayıla bilməz.

Məşhur moldav biznesmen, yoxsa beynəlxalq cinayətkar?

Wael Suleiman Almaree – İraqın şimalından olan kürd əsilli bu şəxs Londonda yaşayır və Böyük Britaniya vətəndaşlığına malikdir. Özündən başqa iki qardaşı da var. Maraqlıdır ki, onlar qardaş olsalar da, hər üçünün soyadı nədənsə, müxtəlif transkripsiyalarda yazılır. Müəyyən ölkələrdə, o cümlədən postsovet məkanının bəzi dövlətlərində də geniş biznesi olan Almaree son zamanlar yuxarıda xatırladılan məsələyə görə diqqət mərkəzinə düşüb.

Bu barədə yayılan məlumatlarda Almareenin Moldova vətəndaşı olan keçmiş xanımı Yekaterina Lunqu-Hasandan olan qızı Malikanı anasından alaraq, öz himayəsinə götürmək üçün müxtəlif, o cümlədən, qanunsuz yollara əl atdığı bildirilir. Almareenin hətta uşağı anasının icazəsi olmadan iki dəfə qeyri-qanuni olaraq ölkədən çıxardığı, lakin məcburiyyət qarşısında geri qaytardığı qeyd olunur.

Almaree Moldova üçün ənənəvi sayılan “metod”lara əl ataraq, bu ölkənin Ali məhkəməsi tərəfindən 2020-ci ilin fevralında uşağın onun himayəsinə verilməsinə dair qərarın çıxarılmasına nail olur. Lakin bu qərar Moldovada geniş ictimai rezonans doğurur və bununla bağlı geniş etiraz kampaniyası başlayır.

Məsələn, “Təşəbbüs və ictimai hakimiyyətin monitorinqi” İctimai Assosiasiyasının sədri İon Dron bununla əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, məhkəmə iş adamı, Böyük Britaniya vətəndaşı Wael Suleiman Almareenin “zəngin olduğunu” əsas götürərək, 6 yaşlı qızının anası (Almareenin keçmiş həyat yoldaşı) Yekaterina Lunqu-Hasanın deyil, məhz xarici ölkə vətəndaşı olan Almareenin himayəsinə verilməsi haqda qərar çıxarıb.

İon Dron bildirib ki, Moldova Ali məhkəməsinin bu qərarı ölkənin Avropa İnsan Haqları Məhkəməsi tərəfindən cəzalandırılmasına yol açır. Onun fikrincə, məhkəmənin 6 yaşlı uşağın anasının yox, atasının himayəsinə verilməsi müvafiq qanunlara ziddir. Çünki uşağın anası – Yekaterina Lunqu-Hasan alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir, psixi durumu normaldır və övladını təmin etmək üçün yaxşı maddi-sosial şərtlərə malikdir. Eyni zamanda, uşaq öz anasına və qardaşına çox bağlıdır, onlardan ayrı qalmaq istəmir.

Almareenin qaynatasından “Azərbaycanın dostu” “yaratmaq” mifi…

Ümumiyyətlə, qeyd olunan tarixdən bu yana Moldova mətbuatı bəhs olunan məsələni müntəzəm diqqət mərkəzində saxlayıb və o işlə bağlı ortaya çıxan detalları ictimaiyyətə çatdırıb. Aşağıda göstərilən istinadlarda Vaelin hansı yollarla qızını anasından ayırmağa cəhd göstərdiyi əks olunub. Təqdim olunan materiallarda Almareenin qaynatası, moldovalı siyasətçi, bu ölkənin parlamentinin deputatı Dmitri Dyakovun (Azərbaycanda bəzi dairələr onu ictimai rəyə “ölkəmizin dostu” kimi sırımağa çalışırlar) bu məsələdə kürəkəninə verdiyi administrativ dəstəyə də toxunulur.
http://bloknot-moldova.md/news/semya-deputata-dpm-dmitriya-dyakova-uchastvuet-v-o-1130214

Moldovalı siyasətçi, parlamentin keçmiş deputatı Qriqori Petrenko da özünün bu mövzuda dərc etdirdiyi “Pulun ideologiyası” məqaləsində Ali məhkəmənin ana ilə övladını ayıran qərar qəbul etməsini sərt tənqid atəşinə tutub.

“Financial Telegram”: Almareenin səs-küylü çirkli pulların yuyulmasında fəal iştirakı aşkarlanıb

Bu işlə bağlı hüquqi mübahisələrin davam etdiyi dönəmdə isə Wael Suleiman Almareenin səs-küylü “Kobenhavns Andelskasse – Moorwand işi”nə aidiyyatının olduğu, əsasən, çirkli pulların yuyulmasında fəal iştirakı aşkarlanıb. “Financial Telegram” qəzeti Danimarka mediasına istinadən bu barədə – broker sxemləri, pulyuma və investisiya dələduzluğuna dair material dərc edib. Materialda qeyd olunan cinayət əməllərini törədənlərin sırasında Vael Süleiman Almareenin də adı var.

“Financial Telegram”ın yazdığına görə, dünya miqyaslı KPMG Auditor şirkətinin məlumatına əsasən, Danimarkanın “KBH Andelskasse” bankının şübhəli beynəlxalq ödənişlər həyata keçirən 3 iri müştərisi (“Moorwand Ltd”, “UPC Consulting Ltd” və “ChargePay”) olub. Həmin müştərilərin isə Almareeyə məxsus olduğu aşkarlanıb. Qəzetdə qeyd olunub ki, bu şirkətlər tərəfindən yüz milyonlarla dollar “yuyulub”.

Wael Suleiman Almaree 2019-cu ilin mayında Britaniyanın kommersiya reyestrində ciddi nəzarət funksiyasına malik iş adamı kimi qeydə alınıb. O, həm də “Moorwand Lithuania UAB” şirkətinin baş direktoru, “KHB Andelskasse” şirkətinin səhmdarı kimi göstərilib.

Almareenin “Moorwand” şirkəti 480 xəbərdarlıq alıb

Qeyd olunur ki, Almareenin “Moorwand” şirkəti “KBH Andelskasse” şirkətinin yalnız bir İT sistemində “pulyumaq”la bağlı minimum 480 xəbərdarlıq alıb. “KBH Andelskasse” Danimarkanın “Finansiel Stabilitet” dövlət bankına verilməzdən az əvvəl “Moorwand” şirkətinin hesabında milyonlarla kron vəsait dondurulubmuş.

Son illərdə isə “Moorwand” və “UPC Consulting” çox sayda qanunsuz broker əməliyyatları həyata keçirib, investisiya dələduzluğu və “pul yumaq” işlərində iştirak edib. “UpayCard” şirkəti broker sxemləri əsasında kredit kartları üzrə ödənişləri “nizamlayarkən”, “UPC Consulting Ltd” və “Moorwand Ltd” şirkətləri də qurban müştərilərin bank köçürmələrini “tənzimləyib”. Bu dələduzluqlar nəticəsində əldə edilən pullar isə “KBH Andelskasse» şirkətinin hesabına köçürülüb.

Azərbaycana bu qədər çirkli əlaqələri olan dost lazımdır?

Göründüyü kimi, bir sıra yerli nəşrlərin “qurban” və “Azərbaycanın dostu” obrazında qələmə verməyə çalışdığı Wael Suleiman Almaree, əslində, beynəlxalq miqyaslı fırıldaqçıdan başqa bir şey deyil. Bəs o halda, bəzi media orqanları və müəyyən dairələr nəyə görə bu fırıldaqçı üçün belə canfəşanlıq edirlər? “Pul yumaq”da ad çıxaran bir fırıldaqçının hansı “mükafatlandırma metodu”nun ola biləcəyini təxmin etmək çox asandır…

Odur ki, iriçaplı dələduzun “ipi ilə quyuya enən”, Rusiya xüsusi xidmət orqanlarına bağlılıq ehtimalı yüksək olan qüvvələrin Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsində mühüm rol oynayan fiqurlardan biri, korrupsiya və digər neqativ işlərdə adı hallanmayan millət vəkilini bu sayaq hədəf seçmələri gerçəkdən təəssüf, həm də hiddət doğurur.

Mənbə: Yenicag.az

Bənzər Yazılar