Vətəndaş Süleyman Mikayılovdan Prezidentə şikayət etdi – Administrasiya məktuba baxacaq

by Aztoday Xəbər Portalı

Qaradağ rayon İcra Hakimiyyəti əməkdaşlarının qanunazidd hərəkətləri ilə bağlı Prezident İlham Əliyevə şikayət edib.

AzToday.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə redaksiyaya şikayət daxil olub.

Sürücü Təbriz Yusubov başına gələnləri bizə danışaraq İcra hakimiyyəti tərəfindən süründürməçiliyə məruz qaldığını bildirib.

O, qeyd edir ki, idarə etdiyi avtomobillə yaşadığı binanın həyətində hərəkət edərkən yolda yaranmış çuxura düşüb və avtomobilinə maddi ziyan dəyib:

“Hadisə baş verən kimi DİN-in 102 qaynar xəttinə zəng edib hadisəni rəsmiləşdirdim və bundan sonra icra nümayəndəsinə, mənzil-kommunal istismar sahəsinə və bələdiyyəyə məlumat verdim. Onlar yolun kimin balansında olduğunu bilmədikləri üçün Qaradağ rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməyimi tövsiyə etdi. Mən aprelin 1-i İcra hakimiyyəti başçısı Süleyman Mikayılova şikayət ərizəsi ünvanladım. Bütün olanlar da bundan sonra başladı. Mayın 5-i İcra hakimiyyətindən mənə rəsmi cavab gəldi. Lakin göndərilən cavab bir cümlədən ibarət, hətta cümləni kiçik hətflə başlayaraq məni yola veriblər. Məktubda nə Azərbaycanın gerbi, nə təşkilatın adı, nə təşkilatın hüquqi ünvanı, nə sənədin qeydiyyat nömrəsi, nə də ki, icra edən səlahiyyətli şəxsin adı əks olunub. Bir cümlə yazılıb ki, “müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz yol rayon İcra hakimiyyətinin balansında deyil”.

Təbriz Yusubov qeyd edir ki, bu cavabı aldıqdan sonra mayın 5-i Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etdi və müraciəti Mənzil-Kommunal Təsərrüfatı Departamentində araşdırıldı:

“İyunun 8-i Departamentdən mənə rəsmi cavab gəldi ki, sizin müraciətiniz araşdırılıb tədbir görülməsi üçün Qaradağ rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılova göndərilib. Hansı ki, onların bir cümləlik cavabında qeyd olunmuşdu ki, yol bizim balansımızda deyil. Balanslarında olmayan yoldursa indi necə araşdıracaqlar? Deməli məni süründürmək üçün, ödənişi verməkdən boyun qaçırmaq üçün bu cür yola veriblər”.

Təbriz Yusubov bildirir ki, bu məsələ ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

Qeyd edək ki, son günlər Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı qalmaqallar bitmir. Belə ki, bir neçə gün əvvəl icra başçısının sürücüsünün adına rəsmiləşdirdiyi dəyəri 10 milyonlarla ölçülən mal-mülkünün sürücüsü tərəfindən satıldığı, daha sonra onun xaricə qaçdığı bildirilirdi.

Bənzər Yazılar