İdman

“Trabzonspor” Nenadı qovub onu qaytarır – SON DURUM

“Trabzonspor” klubunda baş məşqçi istefası reallaşmaq üzrədir.

Fanat.az “İndex”ə istinadən xəbər verir ki, xorvatiyalı Nenad Byelika artıq şənbə günündən etibarən “qaradənizlilər”in çalışdırıcısı deyil.

Super Liqa klubunun ehtiyat oyunçular skamyasında 5 ay yarımdır yer alan mütəxəssisin rəhbərliyi altında “Trabzonspor” keçirdiyi 16 oyundan səkkizində qələbə qazanıb, yarısında isə məğlub olub.

Xorvatiya mətbuatı klubun Byelika ilə təzminat məsələsində hələ razılığa gəlmədiyi üçün istefa qərarının rəsmən açıqlanmadığını bildirib. Xorvatiyalı məşqçi anlaşmanım ləğvi üçün müqavilədə göstərilən məbləğin hamısının ödənilməsini istəyib.

Xatırladaq ki, o, “Trabzonspor”la 2025-ci ilin iyununa qədər illik 1,6 milyon avro maaşla müqavilə imzalayıb. Beləliklə, 52 yaşlı çalışdırıcı təxminən üç milyon avroluq təzminat tələb edib. Lakin “Trabzonspor” rəhbərliyi onun bu istəyini qəbul etməyib. “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan Adanaya son məğlubiyyətdən (1:0) sonra gedişini istədiyi mütəxəssisə 1 illik maaşı məbləğində təzminat vermək niyyətindədir.

“Trabzonspor” 2020-ci ilin noyabrından 2023-cü ilin martına qədər komandaya başçılıq edən baş məşqçi Abdullah Avcını geri qaytarmağı planlaşdırır. Avcının mövsümdə 1,5 milyon avro qazanacağını bildirilir.

“Trabzonspor” 8 turdan sonra 12 xalla 7-ci yerdədir.

Bənzər yazılar

Back to top button