Beynəlxalq Bank Hacı İbrahim Nehrəmlini məhkəməyə verdi

by Aztoday Xəbər Portalı

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC məhkəməyə verilib.

AzToday.az hit.az-a istinadən xəbər verir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankıdır. Məhkəmə çəkişməsinin səbəbi kredit üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta Konserni” MMC tikinti şirkətidir. Şirkət “Xəzər adaları” layihəsinin sayəsində populyarlıq qazanmışdı. Bu layihənin müəllifi də Hacı İbrahim Nehrəmli idi. Lakin iş adamı layihəni başa çatdıra bilmədi. Bunun əsas səbəblərindən biri 2015-ci ildə ABB-dəki “kredit qalmaqalı” idi.

Həmin vaxt məlum olmuşdu ki, Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsi üçün bankdan 850 milyon manat kredit götürüb. Odövrkü məzənnə ilə bu, 1 milyard dollardan artıq edirdi. Lakin iş adamı borcunun 450 milyon manat olduğunu iddia edirdi. O, krediti ödəmədiyinə görə 2015-ci il mayın 13-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

Bənzər Yazılar