Siyasət

Ermənistanı gözləyən böyük fəlakət: Nə qədər ki, Köçəryan və Sarkisyan sağdır…

“Bütün hallarda Ermənistanı vətəndaş müharibəsi gözləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanda seçkilərdən sonra prosesin hansı istiqamətdə gedəcəyilə bağlı proqnozlarını bölüşərkən deyib. Onun fikrincə, seçkinin nəticəsindən asılı olmayaraq, ondan sonra Ermənistan yenidən qarışacaq:

“Hazırda dünyanın diqqəti Ermənistana yönəlib. Robert Köçəryanın seçkiyə ciddi yanaşması seçkidən sonrakı vəziyyətin daha gərgin olacağına işarədir. Ona görə ki, Köçəryan bu seçkiyə Nikol Paşinyanla mübarizədə son döyüş kimi yanaşır”.

Həmsöhbətimizin dediyinə görə, Paşinyan yenidən hakimiyyətə gəlsə, Köçəryanı sakit buraxmayacaq:

“Seçkidən sonra Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə, Köçəryanı və ətrafını nələrin gözlədiyi bəllidir. Köçəryan Paşinyanın hakimiyyəti dönəmində uzun müddət həbsdə qaldı. O, yalnız Moskvanın təsiri ilə və hakimlərin satqınlığı nəticəsində həbsdən qurtuldu. Amma bu qurtulma müvəqqətidir”.
Ə. İbrahimov düşünür ki, Paşinyan Köçəryanı susdura bilməsə, hakimiyyətdə qalsa belə, problemlərdən yaxa qurtara bilməyəcək:

“Nə qədər ki, Köçəryanla Serj Sarkisyan həyatdadır, Paşinyan mütləq mənada onları birdəfəlik susdurmalıdır. Bunu bacarmasa, Paşinyan hakimiyyətə gəlsə də, iqtidarda qalması problemli olacaq. Çünki Köçəryanla Sarkisyan daima ona problem yaradacaq. Ermənistanda bir sıra qüvvələr, o cümlədən Moskva yenidən hakimiyyətə “Qarabağ klanı”nın gəlməsində maraqlıdır. Köçəryanla bağlı ciddi təbliğat aparılır. Lakin buna baxmayaraq, Köçəryanın seçkidə məğlub olması ehtimalı daha böyükdür”.

Politoloq əminliklə bildirir ki, iyunun 20-dən sonra ölkə ciddi qarşıdurma, hətta vətəndaş müharibəsilə üz-üzə qalacaq:

“Köçəryanın məğlubiyyəti onu yenidən həbsxanaya aparacaq. Deməli, seçkidən sonra o, tərəfdarlarını küçəyə toplayacaq və Paşinyanla ölüm-dirim mübarizəsinə başlayacaq. Yaranmış vəziyyət seçkidən sonra Ermənistanda küçə yürüşlərinin baş qaldırmasına, hətta vətəndaş müharibəsinə də gətirib çıxara bilər. Paşinyan seçkini uduzsa da, eyni ssenari təkrar olunacaq. Proses Paşinyan üçün çətin olsa, o “Qarabağ klanı” kartını işə salaraq, milləti onlara qarşı yönəldəcək. Bu isə ölkədə daha böyük qarşıdurma və çaxnaşmalara səbəb olacaq”.

Bənzər yazılar

Back to top button