Siyasət

Ərdoğan nə üçün Qarabağ məsələsini Baydenlə müzakirə etmədi? (TƏHLİL)

“Gələcəkdə Qarabağ məsələsi Türkiyə və ABŞ rəsmiləri arasında birgə komissiyalar çərçivəsində müzakirə olunacaq”.

Bunu Qaynarinfo-ya açıqlamsında politoloq Natiq Miri NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşdə əvvəlcədən deyildiyinin əksinə olaraq Qarabağ məsələsinin müzakirə edilməməsinə münasibət bildirərkən deyib. Politoloqun fikrincə, görüşdə sözügedən məsələnin müzakirə olunmaması NATO-nun gündəliyində müzakirə predmeti olan gündəmin sıx olması ilə bağlıdır:

“Fikrimcə, məhz buna görə də həmin məsələni oraya gətirməyə Ərdoğan lüzum görməyib. Ankara NATO-dakı baxış bucağını, müttəfiqlərinin terror məsələlərinə yanaşma tərzini tənqid etməklə, gələcək perspektivi onlara diktə etdi. Məhz bu məsələlər daha əhəmiyyətli olduğundan, Ərdoğanın Bayden və digərlərilə görüşündə Qarabağ məsələsinin müzakirəsinə ehtiyac qalmadı”.

Həmsöhbətimizə görə, əslində buna ehtiyac da yoxdur. N. Mirinin qənaətincə, Türkiyənin Qarabağdakı proseslərdə NATO-nu arxasına almasına lüzum yoxdur:

“Türkiyə getdikcə güclənir, Azərbaycanda hərbi varlığını artıq tətbiq edib. Belə olan təqdirdə, NATO-nun daha çox Türkiyəyə ehtiyacı var, nəinki əksinə. Türkiyə bundan ötrü kimsəyə yalvarmayacaq. ABŞ-ın Cənubi Qafqazda geosiyasi marağı varsa, bu məsələdə Vaşinqton yalnız Ankaranın maraqlarından çıxış etməklə nəyəsə nail ola bilər”.

Politoloq düşünür ki, hər halda gələcək perspektivdə Qarabağ məsələsi Türkiyə və ABŞ rəsmiləri arasında birgə komissiyalar çərçivəsində ciddi müzakirə predmetinə çevriləcək:

“Qarabağ məsələsi yəqin ki, qısa olsa da, Ərdoğanla Bayden arasında müzakirə predmeti olub. Ancaq çox dərinə gedilmədi. Çünki bu məsələnin bünövrəsi Rikerin bölgəyə səfəri çərçivəsində qoyulub”.

Bənzər yazılar

Back to top button