“Bizə 6 milyonu çox görürlər, özlərinin 60 milyonluq villası var” – Nazirə sərt cavab

by Aztoday Xəbər Portalı

Tanınmış kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Maliyyə naziri Samir Şərifovun bir müddət əvvəl Azərbaycan kinosu haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Yenisabah.az-a danışan rejissor dövlət tərəfindən ayrılan 6,5 milyon manat vəsaitin bu sahədə çalışanlara gəlib çatmadığını bildirib:

“Maliyyə naziri Samir Şərifov bu yaxınlarda kinodan danışdı. Kino Azərbaycan xalqını bütün dünyada təbliğ edir, tanıdır. Sizin dağıdıb, xaraba qoyduğunuz Kinostudiyada ayrılan beş-üç manatla insanlar ortaya sənət çıxarırlar. Samir Şərifov bunu bizə artıq görür, irad tutur. İldə bizə 6 milyon pul ayırırsan, amma sənin nazirlərinin villasının 50-60 milyon qiyməti var, onlardan niyə narahat olmursan?! Kinoya xidmət edən insanlar isə o pullardan tula payı alırlar, dilənə-dilənə ailələrini dolandırırlar. İkincisi, maraqlansın görsün kinoya ayırdığı pul bu sahədə çalışanlara gəlib çatırmı? Araşdırsın görsün ayrılan 6 milyon manat hara gedir?”

Sənətçinin fikrinə görə, kino sahəsi Mədəniyyət Nazirliyindən ayrılmalıdır:

“Ay cənab nazir, sənin Azərbaycan kinosuna yeganə yaxşı xidmətin o olar ki, gəlib deyəsən ki, kinonun Mədəniyyət Nazirliyinə heç bir aidiyyatı yoxdur. Kino ayrıca təşkilat olmalıdır, kino müstəqil olmalıdır. Nazirliyin özünün min yerə borcu var, onlara pul ayrılan kimi yarısını silib götürürlər. Sonra yerdə qalan 50-100 minlə kino çəkməyə çalışırlar və istəyirlər ki, dünyaca məşhur filmlərlə eyni səviyyədə olsun. Ucuz ətin şorbası olmaz. Buna baxmayaraq, bu sahədə özünü fəda edənlər ac, susuz sənət yaradırlar, Beynəlxalq festivallarda yer qazanırlar. Samir Şərifov vəzifəyə gələndə müraciət edib dedim ki, kino sahəsində çalışan qocaman adamlardan 3-4 nəfər qalmışıq, bizi qəbuluna çağır, söhbət edək. Heç mənə cavab da vermədilər. Qəribədir, kimi vəzifəyə qoyurlarsa gülməşəkər olur, özünü Yuli Sezar, Eynşteyn hesab edir. Bu mövzuda ikinci günahkar Mədəniyyət naziri Anar Kərimovdur. Çünki o da bizim çağırışımıza cavab vermir. Kinonu Mədəniyyət Nazirliyinin qulpunda saxlamaq cinayətdir. Kino iqtisadiyyatdır, sənayedir. Əl çəksinlər bizdən, ayırsınlar. Ötən iyirmi ildə Mədəniyyət Nazirliyinin kino sahəsini nə günə qoyduğunu gördük. Heç olmasa, indi bir şey etsinlər. Azərbaycan kino tarixi müqəddəsdir, bunun məsuliyyətini hiss etmək lazımdır”.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan kinosuna 6,5 milyon manat vəsait nəzərdə tutulub. Maliyyə Naziri Samir Şərifov bir müddət əvvəl bildirib ki, vəsait ayrılsa da, güclü ekran əsərləri görmürük və ayrılmış vəsait konkret nəticələr verməlidir.

Bənzər Yazılar