İdman

Mahir Emrelinin anası: “Ola bilər məşqçi güvənmir, bəyənmir…”

Millimizin hücumçusu Mahir Emreli formasını geyindiyi Zaqreb “Dinamo”sunda son günlər forma şansı qazanmaqda çətinlik çəkir. Futbolçu son bir neçə oyunu ehtiyatda keçirib. Bir qədər də konkretləşdirsək, sonuncu dəfə 10-cu tur çərçivəsində, sentyabrın 18-də “Lokomotiv”lə qarşılaşmada (Zaqreb) meydanda olub. Həmin vaxt isə 89-cu dəqiqədə Mislav Orşiçin əvəzinə meydana daxil olub. O cümlədən Çempionlar Liqasında da hələ ki, şans qazana bilməyib. Halbuki Millətlər Liqasında yığmanın heyətinə dəvət alan Emreli heç də pis formada deyildi. Bəs futbolçu niyə yetərincə şans qazanmır? Bu sualla Mahirin anası Elnurə Mədətovaya müraciət etdik.

Elnurə xanım Qaynarinfo-ya açıqlamasında hər gün onunla əlaqə saxladıqlarını, durumunun normal olduğunu bildirir:

“Hər gün Mahirlə əlaqə saxlayıram. Hər şey normaldır, məşqlərini davam etdirir. Hələ ki, ehtiyatdadır. Bu, məşqçinin seçimidir. Baş məşqçi dəyişikiyindən sonra belə problemlər var. Hər məşqçinin özünün üsulu var. Ante Çaçiç yəqin ki, belə istəyir. Amma Mahir yaxşı formadadır, normaldır. Futbolda belə şeylər olur”.

Futbolçunun oynamaq şansı qazanmaq üçün klubunu dəyişmək istəməsi ilə bağlı söhbətlər də dolaşırdı. Hücumçunun anası bununla bağlı sualımızı belə cavablandırır:

“Belə bir fikri, açıqlaması yoxdur. Mahir heç vaxt bir klubda olduğu zaman bu şəkildə açıqlama vermir. Onun hələ “Dinamo” ilə müqaviləsi var. Hazırda forması ilə bağlı hər şey qaydasındadır. Ola bilər məşqçi ona güvənmir, bəyənmir, xoşlamır. Ancaq bu Mahiri həvəsdən salmır. O, peşəkar futbolçudur. 18 yaşlı, yaxud iradəsi zəif futbolçu deyil ki, belə hallar onu həvəsdən salsın. Hər futbolçunun həyatında belə məqamlar olur. Məşqlərini vaxtında edir. Hətta daha artığına çalışır”.

Təbii ki, Emreli ilə millimizin məşqçiləri də maraqlanırlar. Bu səbəbdən yığmada De Byazinin köməkçisi vəzifəsində çalışan Arif Əsədovun da fikirlərini öyrəndik:

“Bu, elə sualdır ki, cavab vermək çətindir. Klubun daxilində nə baş verdiyini bilmirik. Mahirə nə dərəcədə güvən var? Emreli ora gedəndən sonra yeni baş məşqçi gəlib. Bunun da təsiri ola bilər. Yaxud görürsən ki, qələbə qazanan heyəti dəyişmirlər. Klubun içində olmadığımız üçün səbəbləri haqqında nəsə demək çox çətindir. Amma Mahir milliyə gəlmişdi, əsas heyətə düşmək üçün can atırdı. Hətta deyirdi ki, oynamaq şansı qazanmaq üçün klubunu da dəyişməyi fikirləşir. Təbii ki, oyun praktikası olmayanda istər-istəməz fiziki forma aşağı düşür. Nə qədər məşq etsən də, bir oyunun əvəzini vermir. Mahir də oyun praktikası baxımından əziyyət çəkə bilər. Biz də bunu nəzərə alıb yığmada Mahiri meydana sonradan buraxdıq. Düşünürdük ki, əvvəlcədən buraxsaq, fiziki durumu yetərli olmaz. Yəni oyunu sonradan gücləndirmək baxımından belə qərar verdik. Bütün bunlar hamısı nəzərə alınırdı. Oynamayanda futbolçu istər-istəməz tonusdan düşə bilər. Yeni məşqçi gələnə qədər Mahir oynayırdı. Ona güvən var idi. Ola bilsin, baş məşqçi heyətdə dəyişiklik etmək istəmir. Təbii ki, əlaqə saxlayırıq. Mahir baş məşqçi və inzibati heyətin daim nəzarətindədir”.

Bənzər yazılar

Back to top button