AnalitikaManşetSiyasət

İrəvan Qarabağı sonraya saxlayır: Bakının strategiyası nədir?

Ermənistanın baş naziri Paşinyan bəyan edib ki, Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur: sülh sazişində Qarabağ məsələsi də yer alsın, yoxsa ayrıca məsələ kimi baxılsın;

Proseslər göstərir ki, rəsmi Bakı və Paşinyan hakimiyyəti Qarabağı sülh sazişinə daxil etmək niyyətində deyil.

Azərbaycan üçün Qarabağ de-fakto və de-yure daxili məsələdir və öz daxili məsələsini Ermənistanla danışıqlar masasına çıxarmaq, İrəvanın “status” mövqeyini gücləndirə bilər.

Bakı Qarabağdakı separatçı-terrorçularla bağlı məsələnin həllini sonraya saxlayır və şərtlərin yetişməsi üçün mərhələli strategiya tətbiq edir: sülh sazişi ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını de-yure təsdiqləyir və bununla Qarabağdakı ermənilərin Ermənistanla bağı qoparılır; bundan sonra separatçı-terrorçu rejimin ləğvi edilməsi, erməni əhalisinin Azərbaycan vətəndaşlığı altında yaşaması, yaxud da getməsi seçiminin aktivləşməsi imkanları genişlənəcək; Qarabağın sülh sazişinə daxil edilməsi “status” məsələsinin də prosesə daxil edilməsi riskini yarada və Bakı üçün danışıqları ağırlaşdıra bilər;

Ermənistan hakimiyyəti ərazi bütövlüyünün tanınması tələbi ilə sülh sazişinin imzalanmasını qəbul edir, lakin Qarabağ məsələsinin ayrıca komponent kimi saxlanılmasından yanadır: Qarabağ sülh sazişi formatına daxil edilərsə, İrəvan bölgə üzərində Bakının hakimiyyətini tanımış olacaq və bu, daxildə siyasi böhran yarada bilər; Paşinyan Qarabağı ayrıca məsələ kimi saxlamaqla daxili ictimai rəydə və diaspor qarşısında qondarma “arsax”dan imtina etmədiyini göstərmək niyyətindədir; və sülh sazişindən sonra Qarabağ ermənilərini “hüquqi məsələ” olaraq gündəmdə saxlamağı planlaşdırır; erməni baş nazirin “bizim üçün Qarabağ ərazi yox, hüquqi məsələdir” sözləri də buna hesablanıb;

İrəvanın öz maraqları naminə siyasi oyun qurduğu aydındır, hərçənd, sülh sazişinin imzalanması Bakının Qarabağdakı separatçıların təmizlənməsi imkanlarını və mümkün hərbi addımların legitimliyini gücləndirəcək.

Paşinyanın çıxışında iki məqam da diqqət çəkdi:

– erməni baş nazir izah etməyə çalışır ki, Qarabağı “hüquqi məsələ” kimi sonraya saxlamasalar, bu imkandan da məhrum olacaqlar və sülhü gecikməsi yeni toqquşmalar yarada bilər;
– sülh sazişini imzalamaq və Qarabağı ayrıca məsələ kimi saxlamaq ssenarisi “yeganə çıxış yolu” kimi müxalifət və Xankəndidəki separatçılarla müzakirə edilir;

Revanşistlərin Paşinyanla razılaşmayacağı bəllidir və bu, Ermənistan daxilində siyasi böhranı dərinləşdirə bilər. Proseslərin bu istiqamətdə inkişafı Bakının hərbi müstəvidə mümkün addımlarına zərurət yarada bilər.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button