İqtisadiyyat

Şəmkirdə 4 ton pomidor 75 manata satıldı – Bazar ələ keçirilib

Bir müddət əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan 55 şirkətə dəmir yolu ilə pomidor və alma ixracına icazə verildiyi barədə məlumat yayıb. Qərara görə, ixrac fitosanitar sertifikatlar əsasında baş tutmalı idi.

Prosesin iyunun 15-dən aparılması nəzərdə tutulurdu.

Lakin görünən odur ki, Azərbaycan sahibkarları üçün vəziyyət heç də dəyişməyib. Xüsusi ilə Şəmkirdə vəziyət daha da ağırdır.

Bunu Bizim.Media-ya açıalamasında ölkədə yaşanan pomidor böhranından şikayətçi olan Nahid Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Şəmkirdə kritik vəziyyət olduğu kimi qalmaqdadır.

“Şəmkirdə vəziyyət ağır olaraq qalır. Sahibkarların vəziyyəti getdikcə pisləşir. Onlar müflisləşməyə doğru gedirlər. İşçi qüvvəsi kimi çalışan insanlar da işsiz qalıblar. Problemin həlli tapılmadığı üçün vəziyyət günü-gündən daha da kritikləşir”.

Şəmkirdən olan digər sahibkar Qara Möjlümov isə Bizim.Media-ya bildirir ki, rayon sakinləri o qədər pis vəziyyətdədirlər ki, mallarını hətta yerli bazarlara belə çatdırmaq iqtidarında deyillər.

“Təsəvvür edin, vəziyyət o qədər kritikdir ki, sahibkarlardan biri 4 ton pomidorunu 75 manata topdan satdı. Bu il adicə Azərbaycan bazarlarına çıxarılan mallar belə əlimizdə qalıb. Məhsul bol olduğu üçün bu vəziyyətdə hamısı xarab olur. Lobyanın kiloqramı 20-25 qəpiyədir. Sahibkarların vəziyyəti çox pisdir, sahələrdə çalışan işçi qüvvəsinin əməkhaqqlarını belə verə bilmirlər”.

Söhbət əsnasında sahibkar hökm sürən digər problemlərdən də söz açıb. O, bildirir ki, bazara ancaq məmur oliqarxların nəzarət etdiyi mallar çıxarıla bilir.

“Məsələ burasındadır ki, məmur oliqarxların himayə etdikləri və onların qohumlarının əkdikləri məhsullar istəlinən bazara rahat şəkildə çıxarıla bilir. Yerli camaat isə çarəsiz vəziyyətdədir. Demək olar ki, bu problem bütün Azərbaycanda var. Əgər bu pandemiya ilə əlaqədar bir problemdirsə, niyə bütün ölkələrdən Rusiya bazarına mal ixrac oluna bilir, ancaq bizim məhsullar əlimizdə qalır. Elə sahibkarlar var ki, pomidor əkiminə 20-30 min sərmayə qoyublar, bu vəziyyətdə həmin insanlar da müflis olub”.

Q. Möjlümov həmçinin qeyd edib ki, sahibkarlar bu il Rusiya bazarına üçün nəzərdə tutulan pomidorları saxlamağa yer belə tapmırlar.

“Hazırda bu qədər məhsulun xarab olmaması üçün onları saxlamağa belə yerimiz yoxdur. Gömrükdən malların keçirilməsini vəd etsələrdə, problem hec cür həll olunmur və bu səbəbdən də məhsullar elə yollarda məhv olub gedir. Yəni 15 iyundan sonrada bizim heç bir problemimiz həll olunmadı. Şəmkirdə elə insanlar var ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün bankdan kredit götürüb. İndi isə bu pulu ödəyə bilmir. Artıq sahibkarlar ümidlərini itiriblər”.

Sahibkar bildirir ki, rayonun icra strukturları belə onların problemi ilə maraqlanmır.

“Onlar ancaq pul yığmaq lazım olanda bizi axtarırlar. Belə heç bir qurum bizə yardım etməkdə maraqlı deyil. Nə bələdiyyədən, nə də Şəmkir İcra hakimiyyətindən bizim dərdimizə çarə tapan yoxdur”.

Bənzər yazılar

Back to top button