AMEA-nın “sevimli” şirkətində yenilik: Direktor müavini MMC rəhbərliyindən getdi – FOTO

by Aztoday Xəbər Portalı

Bir müddət əvvəl mediada AMEA İşlər İdarəsinin keçən ilin dekabrında 29 980 manat, bu ilin aprelində 129.964 manat məbləğində keçirdiyi satınalmalar barədə xəbər vermişdik.

AMEA-nın İşlər İdarəsinin sifarişçi olduğu hər iki satınalmada “Servis və Supley Ltd” MMC qalib elan edilmişdi.

Keçirilən satınalmada maraqlı məqam “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisinin AMEA Zooloji İnstitutunun Ümumi Məsələlər üzrə direktor müavini Kəmalı Rasimlinin olması idi.

Kəmalə Rasimli gündəmi zəbt edən satınalma ilə bağlı açıqlama verərək “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi deyil, təsisçisi olduğunu və işlərin şirkət direktoru tərəfindən aparıldığını qeyd etmişdi.

Global.az xəbər verir ki, 11 manat nizamnamə kapitalı ilə 2018-ci ildə təsis edilən “Servis və Supley Ltd” MMC-də cari ilin may ayının 8-də bir sıra dəyişikliklər edilib. Belə ki, şirkətin qanuni təmsilçisi və hüquqi ünvanı dəyişdirilib.

Qeyd edək ki, “Servis və Supley Ltd” MMC-nin əvvəlki qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı, hüquqi ünvanı isə Süleyman Sani Axundov, ev 2, m. 25 ünvanı idi.

“Servis və Supley Ltd” MMC-nin yeni qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızı, hüquqi ünvanı isə Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390 ünvanıdır.

Zooloji İnstitutunun Ümumi Məsələlər üzrə direktor müavini Kəmalə Rasimlinin “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçiliyindən getməsinin səbəbi barədə məlumat yoxdur.

Bənzər Yazılar