GündəmManşetSiyasət

Qarabağda yerli idarəetmə necə qurulacaq? Konstitusiya və qanunvericilik nə deyir?

Prezident Administrasiyasının açıqladığı reinteqrasiya planına görə, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilməlidir. Həmçinin, Qarabağda bələdiyyələr formalaşdırılmalıdır. Amma hələlik Qarabağın hər hansı bir rayonunda nə bələdiyyə var, nə icra başçısı təyin olunub, nə də xüsusi nümayəndə.

Hələlik bilinən odur ki, Xankəndiyə komendant təyin olunub.

Qarabağda yerli idarəetmə necə olacaq və ya necə olmalıdır? Konstitusiya və cari qanunvericilik bununla bağlı nə deyir? Komendatlıq institutu nədir? Nə zaman yaranır və necə tənzimlənir? Komendantın vəzifə səlahiyyətlərinə nələr daxildir?

Bu suallara cavab almaq üçün ASTNA Hüquq və İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Hafiz Həsənova müraciət edib.

* * *

Sual: Hafiz bəy, Prezident Administrasiyasının açıqladığı reinteqrasiya planına görə, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilməlidir. Həmçinin, Qarabağda bələdiyyələr formalaşdırılmalıdır. Amma hələlik Qarabağın hər hansı bir rayonunda nə bələdiyyə var, nə icra başçısı təyin olunub, nə də xüsusi nümayəndə. Bəs orda yerli idarəetmə necə olacaq və ya necə olmalıdır?

Cavab: Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə dayanıqlı idarəetmənin formalaşdırılması üçün ilk növbədə həmin əraziləri tərk etmiş sakinlərin geri qayıtması və onların vətəndaşlıq məsələlələri həll edilməlidir. Bunun üçün də Azərbaycan bəyan edib ki, bu ərazilərin erməni sakinlərini qəbul etməyə, onların təhlükəsizliyinə və digər hüquqlarının təmin olunmasına təminat verir. Həmçinin, birbaşa və elektron qaydada vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərin qəbul edilməsinə başlanıb. Bu proseslər keçildikdən sonra, artıq həmin ərazilərdə dövlət və yerli özünüidarəetmə orqanlarının formalaşdırılması prosesləri aparılacaq. İndiki halda həmin ərazilərdə sakinlər demək olar ki, yoxdursa və burada yaşayan insanların vətəndaşlıq məsələləri həll olunmayıbsa, burada bələdiyyələrin keçirilməsi və bələdiyyələrin fomalaşdırılması üçün əsaslar yoxdur. Həmçinin, dövlət və bələdiyyə qulluğunda təmsil olunan şəxslər Azərbaycan vətəndaşları olmalıdır.

Ona görə də hesab edirəm ki, indiki halda Reinteqrasiya proqramında Qarabağın erməni sakinlərinin yaşadıqları ərazilərdə idarəetmənin Prezidentin xüsusi nümayəndəlikləri tərəfindən həyata keçirilməsi düzgün addımdır. İndiki halda bu idarəetmə yəqin ki, Prezidentin Qarabağ İqtisadi Rayonu üzrə Xüsusi Nümayəndəlik tərəfindən həyata keçirilir və gələcəkdə Xankəndi şəhərinin və başqa iri rayonların özündə də xüsusi nümayəndəliklərin yaradılması istisna olunmur.

Bu ərazilərdə yerli özünüidaretməyə gəldikdə isə, bu, Azərbaycan qanunvericiliyinə uyğun olaraq bələdiyyələr formasında təşkil olunacaq. İndiki halda bu ərazilərdə yaradılacaq bələdiyyələrin statusu və fəaliyyəti ölkənin digər ərazilərində fəaliyyət göstərən bələdiyyələrdən fərqlənməyəcək.

Sual: Azərbaycanda illərdir tətbiq olunan idarəetmə formasını Qarabağda da tətbiq etməyə Konstitusiya, qanunvericilik imkan verirmi? Qanunvericilik həmin ərazilərdə yerli idarəetmə ilə bağlı nə deyir? Hansısa Konstitusiya dəyişikliyinə və ya qanunvericilik dəyişikliyinə ehtiyac varmı?

Cavab: Bəli, mövcud qanunverilik Azərbaycanın digər ərazilərində tətbiq edilən idarəetmə formasını Qarabağın işğaldan azad edilmiş ərazilərində də eyni qaydada tətbiqini nəzərdə tutur. İndiki halda qanunvericilik ölkənin digər ərazilərində olduğu kimi işğaldan azad edilmiş erməni sakinlərinin yaşadıqları ərazilərdə eyni statuslu bələdiyyə institutlarının formalaşdırılmasını nəzərdə tutur. Gələcəkdə bu ərazilərdə idarəetmədə hansısa fərqliliklər olacaqsa, təbii ki, bu Konstitusiya və müvafiq qanunvericiliyə dəyişikliklərlə mümkün ola bilər. Lakin hesab etmirəm ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən erməni sakinlərin yaşadıqları ərazilərdə idaretmədə belə bir fərqliliklərə ehtiyac olsun. Hesab edirəm ki, idarəetmə daha demokratik dəyişikliklər ediləcəksə, bu, bütövlükdə ölkənin bütün ərazilərinə şamil edilməlidir.

Sual: Bələdiyyə seçkisinə qədər həmin ərazilərdə də seçki keçirmək üçün hansı addımlar atılmalıdır? Torpaq bölgüsü və digər addımlara ehtiyac varmı?

Cavab: Qeyd etiyim kimi, Qarabağın işğaldan azad edilmiş ərazilərində seçkilərin keçirilməsi ilk növbədə həmin ərazilərdə yaşayan erməni və azərbaycanlı sakinlərin həmin ərazilərə qaytarılması və vətəndaşlıq məsələlərinin həllindən keçir. Bu ərazilərdə keçiriləcək seçkilər isə, Azərbaycanın inzibati ərazi bölgüsünə uyğun aparılacaq və artıq bu inzibati bölgü işğaldan azad edilmiş əraziləri də əhatə edir. Burada torpaq bölgüsünün aparılmasına ehtiyac yoxdur. Digər addımlara gəldikdə isə, bu, seçki dairələrinin və seçki komissiyalarının formalaşdırılmasında müəyyən dəyişikliklərin aparılması ilə şərtlənə bilər.

Sual: Xüsusi nümayəndənin təyinatı prezidentin səlahiyyətindədir. Qanunvericilik xüsusi nümayəndəliklərlə bağlı nə deyir?

Cavab: Xüsusi nümayəndəliklərin statusu və səlahiyyətləri “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında” Əsasnamə ilə tənzimlənir və bu qurumlar işğaldan azad olunmuş ərazilərdə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir.

Xüsusi nümayəndəliklərin fəaliyyətinə müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının, onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək, habelə, Prezidentin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.

Xüsusi nümayəndəliklər yalnız işğaldan azad edilmiş ərazilərdə formalaşdırılır və yəqin ki, onların fəaliyyəti həmin ərazilərdə idarəetmə orqanları tam gücü ilə işlədikdən sonra müəyyən mərhələdə məhdudlaşacaq.

Ümumilikdə xüsusi nümayəndəliklərin konstitusion əsaslarına gəldikdə isə, mən hesab edirəm ki, bu institutların formalaşdırılmasında Konstitusiya ilə uyğunsuzluq var. Belə ki, Konstitusiyada idaretmə orqanları sistemində belə bir idarəetmə institutu nəzərdə tutulmur və bu barədə konkret normalar yoxdur. Bəzən belə, fikirlər səslənir ki, Konstitusiyanın 109-cü maddəsinin 32-ci bəndi buna imkan verir. Mən bu arqumenti əsaslı hesab etmirəm. Çünki, həmin əsasla icra qaydasında Konstitusiya ilə nəzərdə tutulan dövlət qurumu yaradıla bilər.

Sual: Xankəndiyə komendant təyin olunub. Onun vəzifə səlahiyyətləri nədir? Komendant təyinatı qanunvericiliyə və Konstitusiyaya tam uyğundurmu?

Cavab: Xankəndiyə komendant təyin edilməsinin Konstitusiya və qanunvericiliklə ziddiyət təşkil etməsinə əsas görmürəm. Belə ki, Azərbaycan Qarabağın işğal altında olan digər əraziləri kimi burada da lokal anti-terror əməliyyatı keçirib və indiki halda bu ərazilərdə demək olar ki, yarımhərbi bir vəziyyətdir. Burada vəziyyətin adi həyat şəraitinə çatmasınadək müəyyən mərhələdə komendantın təyinatı normal hal kimi qəbul edilə bilər. Ancaq bütün bununla belə hesab edirəm ki, Xankəndidə polis şöbəsi təşkil edilib və komendantın vəzifələri bu polis orqanı tərəfindən də həyata keçirilə bilərdi.(Turan)

Bənzər yazılar

Back to top button