Siyasət

Rəsmi Bakı Kremlə Xankəndi ilə bağlı şərt qoya bilər

Rusiya Ermənistanın blokadadan çıxarılmasında rəsmi İrəvandan daha çox maraqlıdır; Ancaq Kreml buna nail olmaq üçün Azərbaycanın regionun gələcək taleyini təyin edəcək prinsipial şərtlərini yerinə yetirmək məcburiyyətində qala bilər…

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri istənilən halda, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə təsir göstərə bilər. Çünki regionda həlli edilməsi üzün öz növbəsini gözləyən kifayət qədər ciddi problemlər mövcuddur. Və regionun normal inkişaf mərhələsinə keçməsi baxımından, həmin problemlərin mütləq nizamlanması lazımdır.

Onu da qeyd edək ki, əsas problemlər Azərbaycan və Ermənistan arasındadır. Seçkiyə qədər rəsmi İrəvan həmin promlemlərin nizamlanması istiqamətində hər hansı ciddi addım atmaq üçün real siyasi iradəyə sahib deyildi. Savaşda biabırçı məğlubiyyət Paşinyan hakimiyyətinin ölkədaxili mövqelərini zəiflətdiyindən rəsmi İrəvan siyasi rəqiblərinin müqaviməti qarşısında aciz qalmışdı.

Ancaq seçki qələbəsi Paşinyan hakimiyyətini artıq nisbətən gücləndirib. Yeni hökumətin formalaşdırılmasından sonra Azərbaycan və Ermənistan arasındakı mübahisəli məsələlərin müzakirəsi yəqin ki, intensivləşəcək. Və bu, indi Ermənistanın özünə regionun digər ölkələrindən daha çox lazımdır.

Böyük ehtimalla yaxın vaxtlarda sərhədlərin demarkasiya prosesi əsas regional fəaliyyət istiqamətinə çevrilə bilər. Hər halda, rəsmi İrəvan hazırda social-iqtisadi böhran keçirən Ermənistanı xilas etmək üçün bu məsələyə xüsusi diqqət ayırmaq məcburiyyətindədir. Əks halda, nəqliyyat-kommunikasiya xətlərinin açılması və Ermənistanın blokada şəraitindən çıxarılması reallaşmaya bilər.

Fikrimizcə, Paşinyan hakimiyyəti Ermənistanı blokadadan çıxartmaq üçün əlindən gələn hər şeyi edəcək. Hətta mümkündür ki, olduqca ciddi güzəştlərə belə, getməyə hazır olduğunu biruzə verəcək. Ermənistanın mövcudluğunu təmin edə biləcək “pəncərə”nin açılması yalnız bu halda, baş tuta bilər.

Ancaq yəqin ki, bu məsələnin həlli yalnız Ermənistanın güzəştlərindən və ya daha konstruktiv mövqe tutmasından asılı deyil. Çünki regionda bir də Rusiya faktorunu nəzərə almaq lazımdır. Və Ermənistanın blokadasından imtina edərkən, Rusiyanın geopolitik maraqlarının məzmununu da müəyyən etmək vacibdir.

Ona görə də, Ermənistanın blokadadan çıxarılması məsələsinin, bütün digər mübahisəli problemlərin həlli ilə bağlı danışıqlar prosesindən ayrıla biləcəyi də qətiyyən istisna deyil. Çünki blokadanın ləğvi mövzusunun əslində, Ermənistanla deyil, məhz Rusiya ilə müzakirə olunmasına daha çox ehtiyac yarana bilər.

Məsələ ondadır ki, Ermənistanın blokadadan çıxarılması hazırda ən çox Rusiyanın geopolitik maraqlarına cavab verir. Kremlin davranışları hətta Rusiyanın bu məsələdə tələsdiyini də sezdirir. Və bunun Rusiyanın regional maraqları ilə bağlı ola biləcəyi də qətiyyən istisna deyil.

Əsas səbəb odur ki, Rusiya Ermənistanı ən qısa zamanda blokadadan çıxartmaqla, öz for-postunu yenidən gücləndirməkdə maraqlıdır. Əgər, Kreml buna nail olarsa, təxminən yaxın 8-10 il ərzində Ermənistan üzərindən Cənubi Qafqazda öz hegemon mövqelərini yenidən bərpa etmək, Azərbaycana qarşı isə təsir gücünü artırmaq şansı qazana bilər.

Çünki Ermənistanın yenidən gücləndiriləcəyi halda, rus sülhməramlıların nəzarəti altında olan Xankəndi və ətraf bölgənin Rusiyanın əlində Azərbaycana qarşı əsas təzyiq mexanizminə çevrilə biləcəyi istisna deyil. Hazırda Ermənistan Xankəndi və ətraf bölgənin gələcək taleyinin müəyyən edilməsi prosesindən artıq tamamilə qoparılıb. Bu məsələ birmənalı şəkildə Azərbaycan və Rusiya arasında müzakirə edilir.

Ancaq Rusiya yaxın 8-10 il ərzində yenidən gücləndirilmiş Ermənistanı təkrarən bu prosesə ortaq etməyə cəhd göstərə bilər. Çünki bu, Rusiyanın həm regionda mövqelərini möhkəmləndirə, həm də Azərbaycana qarşı təzyiq mexanizmlərinin bərpasına yol aça biləcək faktordur.

Kremlin bütün davaranışları Rusiyanın yaxın gələcəyə hesablanmış xüsusi plan üzrə hərəkət etdiyini sezdirir. Rusiyanın məsələni yenidən ATƏT-in Minsk Qrupu həmsədrlərinin qarşısına sürüşdürmək cəhdləri və “Status məsələsinə gələcəkdə baxıla bilər” məzmunlu ikibaşlı açıqlamalar Kremlin zaman qazanmaq niyyətindən xəbər verir. Kreml Xankəndi və ətraf bölgədə rus sülhməramlıların missiyasını mümkün qədər uzatmaq üçün indidən uyğun situasiyanı yetişdirməyə can atır.

Fikrimizcə, Rusiyaya bu imkanı qətiyyən vermək olmaz. Ona görə də, Kremlin qarşısına “məsələnin birdəfəlik paket həlli variantı”nın çıxarılması gələcək təhlükələrdən yayınmaq imkanları aça bilər. Bu halda, Rusiya öz regional maraqlarını qorumaq üçün Azərbaycanı özündən narazı salmamaq barədə düşünməli olardı.

“Məsələnin birdəfəlik paket həlli variantı” bəzi önəmli şərtləri özündə əks etdirə bilər. Birincisi, Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan vətəndaşlığını qəbul etməsi, ölkəmizin pasportlarını alması böyük önəm daşıyır. Əks halda, bundan imtina edən ermənilərin Azərbaycan ərazisində yaşamaq hüququnu itirdiklərindən, Xankəndi və ətraf bölgədən çıxarılmaları müzakirə mövzusuna çevrilə bilər.

İkincisi, Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin sürətləndirilməsi də olduqca önəmlidir. Və bu prosesin məhz Rusiya sülhməramlı qüvvələrinin bölgədə fəaliyyət missiyası üçün nəzərdə tutulmuş ilk 5 ilin sonuna qədər başa çatdırılması vacib məqamdır.

Üçüncüsü, Xankəndi və ətraf bölgənin erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası başa çatdıqdan dərhal sonra Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etmələri ilə bağlı tələb Kreml qarşısında əsas şərtlərdən birinə çevrilə bilər. Çünki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində müddətsiz qalmalarının qeyri-mümkünlüyü ilə bağlı açıq mesajın Kremlin diqqətinə indidən çatdırılması qətiyyən tələskənlik olmazdı.

Dördüncüsü, məhz yuxarıda qeyd olunan üç önəmli şərt yerinə yetirildikdən sonra, Azərbaycan-Ermənistan arasındakı bütün mübahisəli məsələlərin də aradan qaldırıldığı rəsmi sənədlərlə təsdiqlənmiş olacağı təqdirdə, Ermənistanın blokadadan çıxarılması mövzusu da müzakirə edilə bilər.

Təbii ki, rəsmi Bakı geopolitik proseslərin məzmunu və kənar dövlətlərin regiondakı maraqları barədə daha dəqiq məlumatlara malikdir. Böyük ehtimalla rəsmi Bakı Azərbaycanı gələcəkdə gözləyə biləcək bütün təhlükələri indidən hesablamamış deyil. Bu baxımdan, regional risklərin dəyərləndirilərək, onların vaxtında dəf edilməsinə hazırlığın aparıldığı şübhə doğurmur.

Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyəti üçün Ermənistanın blokadadan çıxarılmasının o qədər də asan olmayacağını düşünmək olar. Böyük ehtimalla bu məsələdə rəsmi Bakının Xankəndi və ətraf bölgə ilə bağlı Rusiyanın siyasi dairələriylə anlaşması əsas faktor rolunu oynaya bilər. Musavat.com

Bənzər yazılar

Back to top button