İqtisadiyyat

Naxçıvan Hava Limanının AZAL-ın tabeliyindən çıxaran səbəb

“Azərbaycanda hava yolu infrastrukturunun, aeroportların AZAL-dan ayrılması zəruri çağırışlardandır və qurumun səlahiyyətlərinin azaldılması yolunda atılan ilk addımlardandır”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Azərbaycan Baş naziri Əli Əsədovun Naxçıvan Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyindən çıxarılıb, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi barədə qərarını şərh edərkən deyib. O bildirdi ki, indiki halda Azərbaycan vətəndaşı dünyada ən bahalı hava yolu xidmətindən istifadə etmək zorundadır:

“İndilikdə mövcud şərtlərdən istifadə edərək AZAL xarici hava yolu şirkətlərinin Azərbaycana uçuşlarına süni maneələr yaradır. Nəticədə Azərbaycan vətəndaşı dünyada ən bahalı hava yolu xidmətindən istifadə etmək məcburiyyətində qalır”.

Ekspertin fikrincə, qəbul edilən qərar Naxçıvan hava limanının gəlirlərində əhəmiyyətli artıma gətirib çıxaracaq:

“Hazırkı şərtlər daxilində Naxçıvan hava limanının AZAL-dan ayrılması ilk simptom olaraq müsbət qiymətləndirilə bilər. Artıq o ayrıca hava limanı olaraq fəaliyyət göstərəcək. Qəbul etdiyi hava yolu şirkətlərilə ayrı-ayrılıqda müqavilələr bağlamaq imkanı qazanacaq. Naxçıvana uçan hava yolu şirkətlərinin sayı artacaq. Dolayısı ilə qiymət rəqabətliliyi də güclənəcək”.

Bununla belə, həmsöhbətimiz düşünür ki, həmin hava limanı Nazirlər Kabinetinin idarəsinə deyil, özəl şirkətlərə verilsə, daha məqsədəuyğun olar:

“Türkiyənin TAV şirkəti bu istiqamətdə ciddi təcrübəyə sahibdir. Bu şirkət Gürcüstanda Kutaisi limanının işlənməsini həyata keçirir. Nəticədə 4 il müddətində bu hava limanı sərnişin daşımanı 3 dəfəyə qədər artırmağa nail olub. Azərbaycanda isə həmin dövrdə Bakı istisna olmaqla bütün digər hava limanlarında sərnişindaşımada azalma baş verib. Ümumiyyətlə, Türkiyənin bu şirkəti dünyanın 8 ölkəsində hava limanlarını idarə edir. Təbii ki, bu fonda hava limanı Naxçıvan Nazirlər Kabinetinin (NK) tabeliyində qalacaq. Amma NK növbəti mərhələdə onu optimal şərtlər daxilində özəl şirkətlərə uzunmüddətli idarəetməyə verməlidir”.

Bənzər yazılar

Back to top button