Bizim seçimCəmiyyətİqtisadiyyat

Özünəməşğulluq proqramından şikayətlər artır

Şikəst, xəstə, qısır heyvanları ailə təsərrüfatlarına “sırıyan” şirkətlər haqqında maraqlı məlumatlar üzə çıxır.

30,3 milyon manatlıq layihə icraçılarının hətta internetdə səhifələri də yoxdur.

19,2 milyon manatlıq layihə icraçısı olan şirkətlər isə fəaliyyətə başlamamışdan bir neçə ay əvvəl yaradılıb.

2018-ci ildə özünəməşğulluq proqramının icrasına büdcədən 35,6 milyon manat ayrılıb. Bu vəsaitin 30,3 milyon manatı 3 müqavilə üzrə 4 MMC arasında bölüşdürülüb. Belə ki, iş və xidmətlər, eləcə də istehsalat mallarının təqdim olunmasına görə “Az Nest” MMC və “SRS Consulting” şirkəti konsorsiumuna 9 milyon 894 min 357,82 manat, kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna 19 milyon 225 min 246 manat vəsait ayrılıb.

Dövlət satınalmaları registrində açıqlanmış məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti özünəməşğulluq tədbirlərinin icrası üçün satınalma müsabiqəsi keçirilmədən birbaşa “Az Nest” MMC və “Aqri Kon” MMC ilə müqavilələr bağlayıb. Adı çəkilən hər iki şirkət müqavilənin imzalanmasından 1-2 ay əvvəl yaradılıb və hazırda şikəst, xəstə, qısır heyvanları ailə təsərrüfatlarına “sırımaqda” ittiham olunur.
Digər iki şirkət – “Az Nest” MMC və “SRS Consulting” şirkəti isə 25 Aprel 2017 -ci ildə İqtisadiyyat Nazirliyinin “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “Sahibkarlar üçün biznesinkubatorlarının inkişaf etdirilməsinə dəstək” , 07 fevral 2018-ci ildə isə yenə də İqtisadiyyat Nazirliyinin Avropa İttifaqının “Regionların inkişafına dəstək Qrant Proqramı” çərçivəsində “Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyinin potensialının artırılması” layihəsi ilə əlaqədar elan olunmuş açıq tenderlərin qalibi olub.

Çox maraqlıdır ki, İqtisadiyyat Nazirliyindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 milyon manatlıq sifarişlərini icra edən şirkətlərin heç birinin internet saytı belə yoxdur. Yalnız “SRS Consulting” şirkətinin ingilis dilli saytında yalnız ABŞ və Hindistan ofisinin əlaqə məlumatları yerləşdirib. Görün, büdcədən ayrılan vəsaitlər hesabına maliyyələşən 10 milyonlarla dövlət sifarişlərinin hansı şirkətlər icra edir. Şübhəsiz ki, bu şirkətlərlə belə işləri sövdələşmə əsasında reallaşdırırlar.

Qubad Ibadoğlu, iqtisadçı ekspert

Bənzər yazılar

Back to top button