İdman

“Bu nəticəyə aldanmalı deyilik” – Qurban Qurbanov

“Azarkeşlər üçün çox maraqlı oyun oldu. Özümüz üçün də vacib idi ki, bu rəqibə qarşı sona kimi mübarizə aparaq, meydanda düzgün yerləşib, düzgün oyun sərgiləyək. Şükürlər olsun ki, hər şey tərəfimizdə oldu”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə Portuqaliyada keçirdikləri ilk görüş haqda danışarkən deyib.

O, rəqibin sürətli oyununa davam gətirən komandası adından sevindiyini bildirib: “Qələbə futbolçulara böyük inam verdi. Futbolçularım üçün çox sevindim ki, azarkeşlərin basqısına, rəqibin sürətli oyununa davam gətirdilər. Hələ cavab oyunu var. Cavab oyununda çalışacağıq ki, daha da diqqətli olaq”.

Q.Qurbanov qeyd edib ki, 4:2 hesablı qələbəyə aldanmaq lazım deyil: “Qarşımızda “Braqa” kimi komanda var. Oyundan əvvəl də demişdim ki, bu rəqib istənilən oyunda, istənilən komandaya qalib gələcək gücdədir. Çox bacarıqlı və keyfiyyətli oyunçuları var. Qapımıza təyin edilən penalti zamanı gördünüz, “Braqa” futbolçusunun fərdi ustalığı, sürətli olması gətirib penaltiyə çıxardı. Bu nəticəyə aldanmalı deyilik. Bakıda daha məsuliyyətli və diqqətli olmalıyıq”.

Baş məşqçi bildirib ki, cavab matçında da ənənəvi oyun prisiplərinə sadiq qalacaqlar: “İlk növbədə vəzifəmiz öz oyunumuzu qoruyub-saxlamaqdır. Ondan əl çəkməyəcəyik. Amma hansısa detalları dəyişməyə gəlincə, bu oyuna baxacağıq. Tam analiz etdikdən sonra ola bilər ki, oyunun gedişatında hansısa dəyişiklik edək”.

Bənzər yazılar

Back to top button