ManşetÖnə çıxanlarSiyasət

Əli Həsənovun sərhəd tanımayan özbaşınalıqlarından Prezidentə müraciət

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
AzToday.az saytının baş redaktoru Elmidar Əliyev tərəfindən

M Ü R A C İ Ə T

Surəti: Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova
Surəti: Mətbuat Şurasının sədri Əflatun Amaşova
Surəti: Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə

Hörmətli Cənab Prezident!

Azərbaycan müstəqillik əldə etdikdən sonra son bir ildə media ən çətin dönəmini yaşamaqdadır. Bunun əsas səbəbi etimad göstərdiyiniz şəxslərin yarıtmaz fəaliyyəti, merkantil maraqlar güdməsi və təmsil olunduqları siyasi komandaya xəyanət etməsidir. Sizin media ilə bağlı göstərdiyiniz bütün təşəbbüsləriniz məhz bu şəxslərin sayəsində öz həqiqi məramına çata bilmir.

Belə ki, 2009-cu ildən Azərbaycan mətbuatına böyük büdcə vəsaitləri ayrılsa da, bu sahədə heç bir nailiyyət müşahidə olunmayıb, əksinə, medianın cəmiyyətdəki nüfuzu aşağı düşməkdə davam edib. Təəssüf ki, ayrılan büdcə vəsaitləri bir qrup şəxsin varlanmasına və harınlamasına gətirib çıxarıb.

Hörmətli Cənab Prezident!

Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda media siyasətini həyata keçirən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov özləri üçün toxunulmazlıq statusu yaradıblar. Vəziyyət o həddə gəlib çatıb ki, ali hakimiyyət nümayəndələri olaraq başda Siz olmaqla bütün məmurları tənqid etmək olur, amma Əli Həsənov və onun “sevimli” kadrlarını tənqid etmək faktiki olaraq qadağan edilib. Onların yarıtmaz fəaliyyətlərini, Sizin nəcib təşəbbüslərinizə münasibətdə xəyanətkar mövqe tutmalarını tənqid etdiyimiz üçün bu il avqust ayının 18-də Baş Prokurorluq tərəfindən Aztoday.az saytına əsassız qaydada xəbərdarlıq edilmişdi.

Daha sonra Vüqar Səfərlinin müraciətinə əsasən AzToday.az saytı Mətbuat Şurasının “qara siyahısı”na salındı. Bir neçə gün sonra isə xəbər portalımıza Azərbaycandan giriş tam məhdudlaşdırıldı. Susmayacağımız təqdirdə saxta əsaslarla həbs olunacağımız da istisna deyil.

Xəbər portalı olaraq Əli Həsənovdan və kurasiya etdiyi sahələrə rəhbərlik edənlərdən büdcə vəsaitlərinin necə xərcləndiyinə aydınlıq gətirmələrini istəmişik. Sizin təşəbbüsunuzlə həyata keçirilən jurnalistlər üçün binaların tikintisi layihəsi zamanı büdcə vəsaitləri tender keçirilmədən xərclənib. Cəmiyyətdə dolaşan iddialara görə, Əli Həsənov mal və xidmətlərin alınmasına özünə yaxın şirkətləri cəlb edib. Ümumiyyətlə, Əli Həsənov Sizin nəcib təşəbbüsünüzün məhsulu olan bu layihəni “ev alqı-satqı” ofisinə çevirdi. Bu korrupsiya iddialarını araşdırdığına görə Aztoday.az xəbər portalı Əli Həsənovun sifarişi əsasında qanunsuz olaraq müvafiq dövlət qurumu tərəfindən Azərbaycan ərazisində blok edilib. Biz öz pozulmuş hüquqlarımızı müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyik. Təəssüf ki, istəsək də, istəməsək də, beynəlxalq media təşkilatları bunu söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirəcəklər. Amma bu Əli Həsənovu qətiyyən narahat etmir. Yaxşı bilir ki, baş verənlərin fonunda Siz başda olmaqla Azərbaycan dövləti tənqid olunacaq. Göründüyü kimi, Əli Həsənov Azərbaycan Prezidentinin, dövlətinin və təmsil etdiyi hakim komandanın beynəlxalq imicini öz şəxsi maraqlarına qurban verir…

Hörmətli Cənab Prezident!

Təşəbbüsünüzlə jurnalistlər üçün tikilən binalarda mənzil verilən jurnalistlər arasında Sizi və ailə üzvlərinizi yolverilməz tərzdə təhqir etmiş şəxslər də var. Amma bu siyahıda 15 il əvvəl belə Əli Həsənovu tənqid edən bir jurnalist də yoxdur. 2013 və 2017-ci illərdə mənzil verilənlərin siyahısı diqqətlə araşdırılarsa, daha böyük korrupsiya faktlarının şahidi olmaq mümkündür.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılmış pulların böyük hissəsi özlərinin ailə bizneslərinə yönəldilir. Məsələn, çıxışlarında “jurnalistləri seleksiya” etdirəcəyəm tipli fikirlər işlədən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli özünə məxsus olan “Mövqe” və “Futbol + Qol” qəzetlərinə ildə iki dəfə müvafiq olaraq 60 min və 40 min manat ayırır. Əli Həsənova məxsus “Kaspi” və “Kaspiy” qəzetlərinin hər birinə ildə iki dəfə 60 min manat (ümumilikdə 240 min manat) vəsait verilir. Amma ayrılan büdcə vəsaitləri heç bir səmərə vermir. Sizin təşəbbüsünüzlə mediaya ayırılan böyük pullara baxmayaraq, Azərbaycan mətbuatı düşmən Ermənistan mediasından dəfələrlə geridə qalır. Necə ola bilir ki, səfalət içində yaşayan Ermənistan “news.am” kimi nüfuzlu xəbər saytı yarada bilir, amma böyük iqtisadi potensiala malik olan, medianın inkişafına 10 milyonlarla manat vəsait ayıran Azərbaycanda beynəlxalq səviyyəli bir media qurumu yoxdur. Bunun səbəbi şübhəsiz ki, o vəsaitlərin xərclənməsinə göstəriş verən Əli Həsənovun korrupsiya maraqlarıdır.

Hörmətli Cənab Prezident!

Məhz Əli Həsənovun uğursuz fəaliyyətinin nəticəsidir ki, onlayn media qurumlarının Azərbaycan ərazisində blok edilməsi kimi bir texnologiya işə düşüb. Bunun da nəticəsində Azərbaycanın beynəlxalq imicinə böyük zərbə dəyib. Halbuki bu media orqanlarının fəaliyyətinə məhdudiyyətlər qoymaq əvəzinə onlarla rəqabət apara bilən və dövlətin siyasətini dəstəkləyən media qurumları yaratmaq olardı. 10 milyonlarla vəsaiti dağıdandan sonra Əli Həsənov ortaya bir dənə də olsun böyük onlayn media layihəsi qoya bilməyib. Halbuki belə media qurumlarının yaradılmasına sadəcə, 100-200 min manat tələb olunur.

Müxalif medianın qarşısına real media qurumu çıxara bilməyən Əli Həsənov öz uğursuz fəaliyyətini ört-basdır etmək üçün saytların bloklanması texnologiyasını işə salıb. Bu isə əks effekt verib. Ardınca müxalif media sosial şəbəkə səhifələrinə yükləniblər, xəbərləri, yalanları, tənqidləri və təhqirləri artıq sayt xəbəri kimi deyil, Facebook statusu kimi paylaşırlar. Facebook-un alqoritminə əsasən, belə paylaşımlar sayt paylaşımlarından 4 qat çox yayılır. Müqayisəli şəkildə desək, məsələn, bir sayt paylaşımı 30 min adama göstərildiyi halda onu maksimum 3 min adam klik edib oxuyur. Amma açıq mətnli statuslar 100-150 min adama çatdırılır və o mətnləri hamı oxuyur, çünki klik edib başqa bir sayta keçməyə ehtiyac qalmır. Beləliklə, oxunma sayında 30-40 qat fərq yaranıb və bu fərq müxalifətin xeyrinə olub. Beləliklə, Əli Həsənovun müasir media texnologiyaları sahəsində savadsızlığının nəticəsi olaraq hazırda müxalif qüvvələrin mövqeyi əvvəllər olduğundan 40-50 qat daha çox adama çatır.

Ümumiyyətlə, sosial şəbəkələrin informasiya məkanında dominantlıq etdiyi bir dövrdə hansısa saytın ölkə ərasizində girişinə məhdudiyyət qoyulmasının heç bir önəmi yoxdur. Amma Əli Həsənovun gördüyü bu işlər Azərbaycanın beynəlxalq imicinə zərbədir, bu zərbəni isə təəssüf ki, Əli Həsənov yox, məhz Siz qarşılamalı olursunuz.

Hörmətli Cənab Prezident!

MTN hadisələrində gördüyümüz kimi məmurların ictimai nəzarətdən kənarda qalması necə böyük fəsadlara səbəb olur. Odur ki, media qurumu olaraq dövlətimizə xidmət etmək üçün məmurların özbaşınalıqlarını tənqid etməyi özümüzə peşə borcu sayırıq. Biz bununla ilk növbədə Sizə kömək etmiş oluruq. Təəssüf ki, Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov AzToday.az saytını “qara siyahı”ya saldırmaqla bizi faktiki olaraq cinayət etməkdə ittiham edirlər. Amma AzToday.az saytı Mətbuat Şurasından fərqli olaraq heç bir məmurla “hesablaşma”yıb. Məsələn, AzToday.az saytından Mətbuat Şurasına şikayət edən İsmayıllı İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun şəhid ailəsinin üzləşdiyi özbaşınalıqla bağlı hazırladığımız yazıya görə üstümüzə göndərdiyi minnətçilərin bütün təkliflərini geri çevirmişik. Ancaq Əflatun Amaşovun və Əli Həsənovun rəhbərlik etdiyi şöbənin işçiləri dəfələrlə bizə zəng edərək məmurlarla bağlı hansısa yazıların saytdan çıxarılmasını xahiş ediblər və biz o xahişləri yerinə yetirmişik (jurnalistika prinsiplərinə görə, bunu özümüzə bağışlaya bilmirik). Bu xahişlərin arxasında hansı “hesablaşma”ların olduğunu da soruşmamışıq. Əli Həsənovun, Mətbuat Şurasının və KİVDF-in “qara işləri”nin ifşa etmək çətin deyil, bu işdə media qurumu olaraq biz Sizə əlimizdən gələn köməyi göstərəcəyik.

Hörmətli Cənab Prezident!

AzToday.az saytı olaraq dövlətimizin maraqlarını hər şeydən üstün tutmuşuq. Eyni zamanda ayrıca olaraq Sizin şəxsiyyətinizə qarşı hər zaman hörmət nümayiş etdirmişik. Fəaliyyətimizlə bunu sübut etmişik. Böyük maddi çətinliklərimizə baxmayaraq, informasiya siyasətimizdə əsas hədəf Azərbaycana düşmən kəsilən qüvvələr olub və olacaq. Sizdən xahiş edirik ki, özbaşınalıqları sərhəd tanımayan Əli Həsənovun bizə qarşı bundan sonrakı addımlarında dövlətin gücündən sui-istifadə etməsinə imkan verməyəsiniz.

14.11.2017

Bənzər yazılar

Back to top button