Hadisə

Qarabağ qaziləri niyə intihar edir: Nə etməli? – Psixoloq

“Qazilərə psixoloji dəstək əlçatan olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov Şirvanda Qarabağ qazisi Emin Cəlilovun intiharından danışarkən deyib. Psixoloq qeyd edib ki, birinci növbədə qazi özünü narahat və gərgin hiss edəndə psixoloji yardım almalıdır:

“Onların sosial və digər problemləri var, bununla birmənalı məşğul olmaq lazımdır. Ancaq bununla paralel onlara psixoloji yardım göstərilməlidir. Bu psixoloji yardım göstərilmədiyi təqdirdə intihar ilə bağlı məqamlar zaman-zaman ortaya çıxacaq”.

Elnur Rüstəmov qeyd edib ki, insan ümidsiz, çarəsiz olanda, sabahı görə bilməyəndə bəzən intihar haqqında düşünür:

“Postdramatik stress pozuntusu fonunda insanda emosional durum tez-tez dəyişir, hadisələrə kəskin reaksiya verə bilir. Qazilər həssas qrupdur. Onların böyük qismi aktiv müharibədə iştirak edib. 44 günlük Vətən Müharibəsi sürətlə getdi. Bu prosesdə də istər güllə, istərsə də qəlpə yarası, yaxud da yanında döyüş yoldaşları həlak olanlar var. Qazilər ağır-psixoloji travmalar alıb. Onlarla bağlı hər hansı bir məsələ ortaya çıxanda ona münasibətdə özünü büruzə verir. Onlar özlərinə qarşı diqqət istəyirlər. Bu onların haqlı tələbləridir”.

Qeyd edək ki, Şirvanda 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu intihar edib. E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Bənzər yazılar

Back to top button