İqtisadiyyatManşet

Tenderlərə nəzarət edən qurum 18 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Loqrones” MMC (VÖEN- 1604358741) olub.

Yeniavaz.com xəbər verir ki, “Loqrones” MMC tenderin qalibi kimi Hesablama Palatasının inzibati binasında cari təmir işləri görəcək və qarşılığında 15 min 942 manat vəsait alacaq.

Məlumat üçün bildirək ki, “Loqrones” MMC 28.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hesablama Palatası tender müsabiqəsini 01.06.2021-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 32 gün əvvəl yaranıb. Bu günlərin də 14-ü şənbə, bazar və bayram günləri olaraq qeyri iş günləri olub.

Cəmi 18 gün (iş günü) əvvəl yaranan və 16 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Türkmən, ev 8, m. 1 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Nəbiyev Ceyhun Nəriman oğludur.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 18 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Müsabiqə ilə bağlı maraqlı məqamlardan biri də odur ki, təcrübəsiz şirkəti tender müsabiqəsinin qalibi seçən Hesablama Palatasının əsas vəzifəsi dövlət büdcəsinə nəzarət etməkdir.

Bənzər yazılar

Back to top button