Bizim seçimCəmiyyət

Jurnalistlərlə Mətbuat Şurası arasında qarşıdurma – Azərbaycanda söz azadlığı necə boğulur?

Son bir neçə gündür ki, Mətbuat Şurası (MŞ) ilə Azərbaycan jurnalistləri arasında qarşıdurma yaşanmaqdadır. Buna səbəb Mətbuat Şurasının ənənəvi olaraq bir neçə media orqanını “reket” elan etməsidir. Lakin Mətbuat Şurasının qara siyahısına düşən jurnalistlər bununla razılaşmır. Onların artıq bir qismi məsələ ilə bağlı prezident İlham Əliyevə açıq müraciət də ünvanlayıblar. Jurnalistlər müraciətlərində Mətbuat Şurasının sədri Əflatun Amaşovu, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlini və prezidentin köməkçisi Əli Həsənovu Azərbaycanda söz azadlığını boğmaqda ittiham edirlər. Bununla yanaşı jurnalistlər Mətbuat Şurasının rəhbərliyində təmsil olunan şəxsləri korrupsiyada və məmurları maddi maraqları naminə himayədarlıq etmələrində günahlandırırlar.

Məsələn istiqlal.az saytının təsisçisi, iqtisadçı Qadir İbrahimli FB səhifəsində Mətbuat Şurasında baş alıb gedən özbaşınalıqlar barədə status yazıb. Qadir İbrahimlinin sözlərindən belə məlum olur ki, Mətbuat Şurasında müxtəlif məmurlarla bağlı tənqidi yazıların dayandırılması müqabilində reklam tərəfdaşlığı təklif edilir. Mətbu orqan sonradan Mətbuat Şurasının qaydalarını pozduqda isə tərəflər arasında bağlanan reklam tərəfdaşlığına son qoyulur. Belə bir hadisələrdən bir də istiqlal.az saytına qarşı baş verib. Saytın reklam tərəfdaşlarından biri anlaşma şərtlərinə zidd olaraq heç bir xəbərdarlıq etmədən, birtərəfli qaydada əməkdaşlığı dayandırıb. Araşdırmalar nəticəsində bəlli olub ki, şirkət Mətbuat Şurasının keçmiş icraçı direktoru, hazırda isə statusu bəlli olmayan Rəhim Hüseynzadənin təzyiqi ilə əməkdaşlığa son qoyub. Hətta o da iddia edilir ki, şübhəli keçmişi olan R.Hüseynzadənin adı Eldar Mahmudov-Akif Çovdarov qruplaşmasının media dayağı kimi hallanır, bəzi məlumatlara görə, hətta bununla bağlı cinayət işlərində də adı da keçir.
Qadiq İbrahimli hansı özəl şirkətə R.Hüseynzadənin təzyiqi ilə reklam anlaşmalarının pozulması barədə diqiq yazmayıb.

Bununla bağlı infoAZ-ın əldə etdiyi məlumat görə, adı çəkilməyən şirkətlərdən biri “Trans Broker”MMC-dir. Məlumata görə, ötən ay Mətbuat Şurasının “Trans Broker” MMC üçün qanunsuz təyin etdiyi “pul daşıyan kuryeri” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və qısa zaman ərzində sərbəst buraxılıb. Maraqlısı odur ki, “pul daşıyan kuryeri”in saxlanıldığı vaxt onun üzərindən içərisi pulla dolu olan çoxlu sayda konvert aşkarlanıb. Konvertlərin üzərində hansı redaksiyaya nə qədər ay ərzində pulun göndərildiyi də öz əksini tapıb. Buna baxmayaraq nədənsə bu məsələ ictimailəşdirilməyib. Məsələ ilə bağlı gün ərzində MŞ-nın “pul daşıyan kuryeri”nin mobil telfonuna zəng çatmadığı üçün münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

Məlumatlarda o da bildirilir ki, “Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı hər hansı xoşa gəlməz məlumatların mətbuatda yayılmasının qarşısı MŞ-nın keçmiş icraçı direktoru Rəhim Hüseynzadə tərəfindən alınıb. Keçmiş icraçı direktor “Trans Broker” MMC-yə Mətbuat Şurasında çalışdığı illərdən bu günə kimi himayədarlıq etdiyi bildirilir.

Bundan əlavə strateq.az saytının baş redaktoru Elxan Şükürlü də Mətbuat Şurasına qarşı özünün iradlarını sosial şəbəkədə bildirib: “Mətbuat Şurası “reket jurnalistlər”in son vaxtlar bu qurumun İdarə Heyəti üzvlərinə qarşı “xoşagəlməz kampaniya” apardıqlarını iddia edərək, onlara qarşı mübarizənin sərtləşdiriləcəyini, MŞ üzvlərinə qarşı nalayiq davranış sahiblərinin layiqli şəkildə cəzalandırılacaqlarını bəyan edib və bunu da “medianın saflaşdırılması”na yönələn işlər kimi qiymətləndirib.

Elxan Şükürlü cinayətkar maraqlara qulluq edən belə fəaliyyətlərin qarşısının ən sərt tədbirlərlə alınmasının tərəfdarı olduğunu deyib. Bununla yanaşı o bildirib ki, MŞ-nın bu bəyanatı medianın saflaşmasından daha çox, bütün Azərbaycan mediasını öz inhisarına almağa çalışan, həm ondan bir silah kimi yararlanan, həm də öz qanunsuz əməlləriylə bu sektoru əməlli-başlı çirkləndirən, zibilləndirən, ən böyük korrupsiya sahələrindən birinə çevirən bəzi “media patronları”nı qorumağa hədəflənib.

Baş redaktor bildirir ki, bir sahəni düzəltmək istəyən əvvəlcə özünə çəki-düzən verməlidir, öz fəaliyyətindəki qüsurları aradan qaldırmağa çalışmalıdır. Özü çirkab içində olanların başqasından nəsə tələb etməyinin zərrə qədər faydası olmayacaq. Azərbaycan mediasının həqiqi mənada saflaşdırılması, sağlamlaşdırılması üçün öncə bu sektora rəsmi və qeyri-rəsmi şəkildə nəzarət edən iki qurumun – KİVDF və MŞ-nin fəaliyyəti saflaşdırılmalı, sağlamlaşdırılmalıdır…

Əhmədov Murad

AzToday.az

Bənzər yazılar

Back to top button