Hadisə

Qarabağ qazisi: Biz torpaqları aldıq ki, varlılar kef çəksin?

“Kaş şəhid olaydım, bu günü görməyəydim”

“Bu günü görməkdənsə, kaş müharibə şəhid olaydım. Zəfər çalan dövlətin əsgərləri belə münasibət görməməlidir”.

Bunu İkinci Qarabağ müharibəsinin iştirakçısı Cəlal Qadir oğlu Sarxanov deyir.

25 yaşlı Cəlal Sarxanov Füzuli rayonunun Gecəgözlü kənd sakinidir.

Arayış

“Bədənimdə qəlpələr var”

Ötən ilin sentyabrında başlayan müharibəyə könüllü yollanan Cəlal Sarxanov Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 12-də Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və ilk tibbi yardımı Füzulidəki hərbi hospitalda alıb: “Oktyabrın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edildim. Həmin hospitalda mənə baş-beyin silkələnməsi, kəllə-beyin travması və kəskin pankreatit diaqnozu qoydular. Tam müalicə almasam da, Şuşa uğrunda gedən döyüşlərə qatıldım”.

Müharibə zamanı göstərdiyi şücaətin qarşılığını görmədiyini deyən qazi Cəlal Sarxanovun səhhətindəki problemlər hələ də qalır.

Tramva haqqında arayış

Onun sözlərinə görə, bədənində qəlpə qırıntıları var, tez-tez baş silkələnməsindən əziyyət çəkir: “Özüm bir kənara, xəstə valideynlərimi müalicə etdirə bilmirəm. Belə yaşamaqdansa, kaş şəhid olaydım. Şəhidlik pulunu da ailəmə verərdilər”.

“Müharibədən sonra vəziyyətim tez-tez dəyişir, haldan-hala düşürəm. Sağlamlığımı itirmişəm, baş gicəllənmələri məni buraxmır. Bədənimdə hələ də qəlpə qırıntıları var. Ailənin yeganə oğluyam, atam I qrup Qarabağ əlilidir, onurğadan əməliyyat olunub, anam isə dializ xəstəsidir. Bundan əlavə, özüm də ailəliyəm, bir övladım var, yenidən ata olmağa hazırlaşıram. Nə ailəmi saxlamağa gücüm çatır, nə də valideynlərimi müalicə etdirə bilirəm”, – Cəlal Sarxanov gileylənir.

Özünə qarşı biganəlikdən gileylənən Cəlal Sarxanov deyir ki, maddi sıxıtıları və səhhətiylə bağlı Yaşat Fonduna müraciət etsə də, ona yardım edə bilməyəcəklərini deyiblər.

Müayinə vərəqəsi

Səbəb kimi isə əmək qabiliyyətini itirmədiyini göstəriblər: “Əgər belə olacağını bilsəydim, könüllü olaraq qeydiyyatdan keçməzdim. Mənə dedilər ki, sən hər hansısa bədən üzvünü itirsəydin, köməklik edərdik. Artıq övladımın “ata” kəlməsinə həsrət böyüməsinə də razıyam. Qələbə ilə dönən qazilərimiz niyə bu gün bu qədər sürünməlidir?! Yaşat Fondundan deyirlər: “Sizin əmək qabiliyyətiniz yerindədir, biz sizə kömək edə bilmərik”. Başa düşmürlər ki, mənim səhhətim də pis gündədir, maddi vəziyyətim də”.

Müharibə bitdikdən 4 ay sonra hərbi xidmətdən qayıdan bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Onlar dövlət qurumlarının səriştəsizliyi və onlara diqqətsiz yanaşmalarından şikayətləniblər.

Polkovnik-leytenant Turan Əliyev tərəfindən Həkim komissiyasına göndəriş

“Dedilər ki, Türkiyəyə göndərəcəyik, amma xəbər çıxmadı…”

Baş leytenant Nurlan Əzizzadə də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. 27 yaşlı baş leytenant da digər qazilər kimi biganəlikdən əziyyət çəkir.

Lənkəran rayon Girdəni kənd sakini Əzizzadə Nurlan Maqsud oğlu 2016-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. Bundan sonra o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

Ömrünü orduya həsr edən baş leytenant 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsində ön cəbhədə vuruşub.

Nurlan Əzizzadə

Döyüş zamanı minaya düşərək travma alıb:

“2020- ci il 27 sentyabrda vətən müharibəsində iştirak etmişəm, döyüş zamanı minaya düşərək qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə bərabər sağ qolumda qəlpə yarası almışam. Həmin yara nəticəsində hazırda sağ qolumun dirsək hissəsindən istifadə edə bilmirəm. 27 sentyabrda məni ilk olaraq Gəncədə hərbi hospitala yerləşdirdilər. Ertəsi gün isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürdülər. 29 sentyabrda əməliyyat olundum və noyabr ayının 2-si hospitaldan məzuniyyətə buraxdılar”.

Çıxarış epikrizi

Baş leytenant Nurlan Əzizzadə deyir ki, səhhətindəki problemlər gecələr yatmağa imkan vermir: “Getdikcə ağrılarım artır. “YAŞAT” Fonduna müraciət etdim, hələ də əməliyyatla bağlı bir söz deyilmir. Fevralın 22-də hərbi hospitaldan mənə zəng etdilər ki, gəl, türkiyəli həkimlər sənə baxacaq. “YAŞAT” Fondunun əməkdaşları da orada idilər. Məndən məlumatları alıb qeydiyyat apardılar. Müayinədən sonra dedilər ki, qolunda vəziyyət yaxşı deyil, səni ən qısa zamanda Türkiyəyə göndərəcəyik. Amma hələ də xəbər yoxdur”.

Nurlan Əzizzadə bundan sonra “YAŞAT” Fonduna zəng edib: “Üstündən xeyli müddət keçdikdən sonra “YAŞAT” Fondunun “Çağrı” mərkəzinə zəng etdim. Oradan mənə dedilər ki, online qeydiyyatdan keçməlisən. Qeydiyyatdan keçib müraciət ünvanlasam da, əlaqə saxlayan olmadı. Yenidən zəng etdim, dedilər ki, adınız qeydiyyatda yoxdur. Səhhətim əl verməsə də, Bakıya gəldim. “YAŞAT” Fondunda dedilər ki, adınız siyahıda var, amma səhhətinizlə bağlı həkim rəyi yoxdur. Yenidən hospitalla maraqlananda aydın oldu ki, onlar rəyi göndəriblər”.

Baş leytenant Nurlan Əzizzadə deyir ki, səhhətindəki problemlər gecələr yatmağa imkan vermir

“Bir də müharibə başlasa, heç bir qüvvə məni döyüşə apara bilməz”

“Bir daha müharibə başlasa, heç bir qüvvə məni döyüş zonasına apara bilməz. İki dəfə müharibə iştirakçısı oldum və gördüm ki, bizdə vətənpərvərlik cəmi 1 həftə çəkdi”, – bunu Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısı Elçin Əliyev deyib.

İkinci Qarabağ müharibəsində yaralanan Elçin Əliyev də səhhətiylə heç kəsin maraqlanmadığını deyir: “İndi heç kimin vecinə deyiləm. Hazırda kirayələrdə sürünürəm. Müharibə vaxtı guya ən hörmətli təbəqə biz kasıblar idik. Torpağı almışıq ki, varlılar gedib kef çəksin?”

“2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuşam, bundan əlavə 2020-ci ildə səfərbərliklə vətən müharibəsində ordu sıralarına qoşulmuşam. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində döyüşmüşəm. Şuşa döyüşlərində isə yaralanmışam. Müharibədən qayıtdıqdan sonra bir Allahın bəndəsi qapımızı açıb mənimlə maraqlanmadı”, – deyir Elçin Əliyev.

Elçin Əliyev (sağdan ikinci)

“Mərkəzi Kliniki Hospitalda məndən rüşvət istədilər”

O, döyüş zamanı sol gözündən qəlpə yarası alıb. “YAŞAT” Fonduna müraciət etsə də, ondan sənəd tələb ediblər: “Sənəd üçün Mərkəzi Kliniki Hospitala yaxınlaşdım, orada da rüşvət istədilər. Özbaşınalıq baş alıb gedir. Həkimlər müharibə iştirakçısından pul umur. Bədənim qəlpələrlə doludu. Müharibə zamanı sol gözümdən ağır yaralanmışam. Vəziyyətim pis olduğu üçün özümdə olmamışdım. Əməliyyatdan sonra gözümün zəif gördüyünü desəm də, həkimlər məhəl qoymadılar. Dedilər ki, gərək bu problemi tez deyəydin. Huşu özündə olmayan adam necə deyə bilərdi ki, gözüm yaxşı görmür? Müharibədən sonra sənədlərimi Mərkəzi Kliniki Hospitala təqdim etdim. Orada mənə və bir qrup qaziyə dedilər ki, siz bizə kömək edin, biz də sizə, yəni rüşvət verin. Türkiyədə camaat qazidən ötrü canını qoyur, amma bizdə qazini təpikləyirlər, şəhidi də suyun içində basdırırlar”.

Elçin Əliyev deyir ki, hazırda işsizdir və ailəsini dolandırmaqda çətinlik çəkir: “Çəkdiyimiz əziyyətin qarşılığını görmürük. Dövlət qurumlarının biganəliyi adama təsir edir”.

Arayış

“YAŞAT” Fondu: “Türkiyədə karantin rejimidir, ona görə də gecikdir…”

“YAŞAT” Fondunun əməkdaşı Fəxri Əliyev qazi Cəlal Sarxanovun şikayəti ilə bağlı deyir ki, əlilliyi müəyyən edilən şəxslər fonda xəstəliyi haqqında şəhadətnamə təqdim etməlidirlər.

O, baş leytenant Nurlan Əzizzadənin fonda müraciətinin qeydə alındığını deyib və bildirib ki, hazırda Türkiyədə karantin rejimidir, ona görə də qazinin göndərilməsi gecikib.

Çıxarış

Hüquqşünas: “Müraciətə baxılmırsa, Müdafiə Nazirliyi və “YAŞAT” Fondu məhkəməyə verilməlidir”

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, qazilərin durumu diqqətdə saxlanılmalıdır: “Cəlal Sərxanov və Nurlan Əzizzadənin müraciəti araşdırılmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində göstərilir ki, hərbi qulluqçuların sağlamlığının mühafizəsi və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquqları var və bütün işlər dövlət büdcəsi hesabına həyata keçirilməlidir. Bu baxımdan düşünürəm ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunmalı və dərhal tədbir görülməsi istənilməlidir. Əgər oradan rədd cavabı gələrsə, həmin rədd cavabını ona uyğun şəkildə məhkəməyə müraciət olunmalıdır. Öncə inzibati qaydada və yaxud məhkəmə qaydasında məsələni mübahisələndirmək lazımdır. Paralel olaraq “YAŞAT” Fondundan da hər hansı bir reaksiya yoxdursa, fonda qarşı da məhkəmə iddiası qaldırmaq mümkündür”.

“Rüşvət faktı təsdiqini taparsa, həkimlər sistemdən uzaqlaşdırılmalıdır”

“Elçin Əliyevin şikayətinə gəlincə, bu, bir az müəmmalı məsələdir. Əgər “YAŞAT” Fondundan tələb olunan sənədə görə, hərbi hospital rüşvət istəyibsə, bu da araşdırılmalıdır. Çünki rüşvət məsələsinin sübutu çətin məsələdir. Yaxşı olar ki, bununla bağlı həmin şəxsin əlində video və yaxud səs yazısı kimi sübutlar olsun. Əgər doğrudan da, belə narazılıqlar varsa və konkret olaraq sübut edə bilməsə belə, hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Onların araşdırmasından sonra fakt təsdiqini taparsa, həmin həkimlər sistemdən uzaqlaşdırılmalıdır. Ümumiyyətlə, qazi və hərbi qulluqçularla bağlı bütün məsələlərdə birbaşa öhdəlik Müdafiə Nazirliyi və onun strukturlarının üzərinə düşür. Bir az əvvəl də qeyd etdiyim kimi, “Hərbi qulluqçuların statsusu haqqında” Qanunun 13-cü maddəsi bilavasitə olaraq nazirliyin strukturlarına aiddir”.

Elçin Əliyev və silahdaşları

Xatırlatma

Müdafiə Nazirliyi 2020-ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində həlak olan və itkin düşən hərbi qulluqçuların yeni siyahısını yayıb.

Siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həlak olmuş hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Mənbə: Meydan TV

Bənzər yazılar

Back to top button