İdman

“Barselona” şokda: Nə Messi oynaya biləcək, nə Aquero, nə də Depay – DETALLAR

Müqaviləsi başa çatan Lionel Messi ilə yeni anlaşma imzalaya bilməyən “Barselona” daha bir şokla üzləşib.

Fanat.az xəbər verir ki, ümumilikdə 1 milyard 173 milyon avro borcu olan Kataloniya klubu nə Messi, nə də yeni transferlər – Serxio Aquero, Mempis Depay, Erik Qarsiya və Emerson Royalla müqavilə imzalaya bilər. La Liqanın müəyyənləşdirdiyi maliyyə limitini aşan klub bu futbolçuları sifariş edə bilməz. Bunun üçün komandanın təxminən heyətinin yarısı ilə vidalaşması vacibdi.

Pandemiya səbəbi ilə gəlirləri 30 faiz azalan “Barselona” Konrad de la Fuente, Jean-Klair Todibo və Junior Firponu satıb, Trinkaonu “Vulverhempton”a icarəyə göndərib, 7 milyon avro ödəyərək Mateus Fernandesin müqaviləsinə xitam verib. Buna baxmayaraq, kataloniyalılar maaş limitini təmin edə bilməyib.

Mövcud şərtlər altında “Barselona”nın Messi, Aquero, Depay, Qarsiya və Royalı heyətə salması mümkün deyil.

Atılan addımların nəticə verməməsi səbəbindən “Barselona” daha çox oyunçusu ilə vidalaşmaq istəyir. Amma daha bir problem var ki, satılması planlaşdırılan Samuel Yumtiti, Filipe Koutinyo və Miralem Pyaniç kimi futbolçuların maaşı yüksək olduğundan onları heyətinə qatmaq istəyən klub yoxdu.

“El Mundo Deportivo”nun xəbərinə görə, “Barselona” Yumtiti və Pyaniçə azad agent statusu verməyə hazırdır. Onlara bildirilib ki, istədikləri klubla müqavilə imzalaya bilərlər.

3 futolçunun maaşı

Samuel Umtiti – 20 milyon avro
Miralem Pyaniç – 16 milyon avro
Filipe Koutinyo – 28 milyon avro

“Barselona” bu günə qədər yolları ayırdığı futbolçular və vidalaşmaq istədiyi oyunçularla bağlı planlarını tam şəkildə həyata keçirsə, 89,7 milyon avro yükdən qurtula bilər. Amma maaşlar klubun ümumi gəlirindən də 10 faiz artıqdır. La Liqanın müəyyənləşdirdiyi kriteriyalara görə, klub gəlirinin 25 faizini maaşlara sərf edə bilər. Yeni transferlərdən Aquero və Depay 12, Emerson 3, Qarisiya 2 milyon maaş almalıdı. Bu isə 29 milyon avro edir.

Sadəcə bu 4 futbolçunun maaşı 897 milyon avronun 25 faizindən çoxdu. Bu halda “Barselona”nın Messi ilə müqavilə imzalamağa əlavə büdcəsi qalmır.

Bənzər yazılar

Back to top button