Cəmiyyət

Vasif Talıbov tənqidçilərini susdurmaq üçün trol ordusu yaradır

Naxçıvandakı nazirlik və komitə əməkdaşları sosial şəbəkələrdə muxtar respublikadakı rejimi tənqid edən yazılara qarşı səfərbər edilib. Bu haqda “Gündəlik Naxçıvan”a əməkdaşların özləri məlumat verib. Şikayətçilərin sözlərinə görə, hər nazirlik və komitə öz sahəsinə aid olan tənqidi yazı və statusların altında şərhlər yazaraq, bu məlumatın yalan olduğunu sübut etməlidilər.

Onlar Bakıda olduğu kimi pul qarşılığında yox, təhdid və hədə altında trolluğa məcbur edildiklərini bildirirlər. Nazirliklərdən birinin adının çəkilməsini istəyən əməkdaşı deyir ki, troll şəbəkəsi birbaşa Naxçıvan Ali Məclisindən idarə olunur:

“Bu işə birbaşa Vasif Talıbovun birinci müavini Azər Zeynalov rəhbərlik edir. Yəni A. Zeynalov “minbaşı”, nazirlər “yüzbaşı”, yerdəkilər “onbaşı” və s.. Troll şəbəkəsi Naxçıvanla bağlı müntəzəm tənqidi xəbərlər verən “Gündəlik Naxçıvan” səhifəsi fəaliyyətə başladıqdan sonra yaranıb. Azər Zeynalov nazirliklərə tapşırıq verir, onlar isə öz əməkdaşlarına və tabeliklərində olan dövlət qulluqçularına. Konkret göstəriş ondan ibarətdir ki, səhifədəki bütün yazıların altında Vasif Talıbovu tərifləsinlər. İşçilər daha sonra bu şərhləri fakt olaraq skrin edib nazirə, o isə Azər Zeynalova göndərir. Ən sonda isə bununla bağlı Vasif Talıbova məruzə edilir. Trolluq etməyənlər işdən çıxarılmaqla hədələnirlər. Bu yaxınlarda bütün nazirliklərə göstəriş verildi ki, “Gündəlik Naxçıvan” səhifəsi şikayət edilsin ki, bağlansın. Görünür ki, çoxları bunu etmək istəməyib. Yoxsa, səhifə çoxdan bağlanmışdı”.
AMEA Naxçıvan bölməsinin əməkdaşlarından biri onların da trolluğa cəlb olnduğunu bildirir:

“Biz alimləri də troll olmağa məcbur edirlər. Bu aşağılanmaqdır. “Gündəlik Naxçıvan” həqiqətləri yazır. Demək olar ki, bununla hamımızın ürəyindən tikan çıxarır. Naxçıvanın 99 faizi nifrət edir Talıbov rejiminə. Mən bilirəm ki, bir çox vicdanlı müəllimlər, digər dövlət qulluqçuları trolluq etməkdən imtina ediblər, işdən çıxıb, Türkiyədə fəhləlik etməyi ondan üstün tuturlar. Bizdə də rəhbərlik xüsusi toplantı keçirib dedi ki, hər kəs aktiv iştirak edib, səhifənin altında Vasif Talıbovu tərifləməlidir. İnanın ki, 1-2 nəfəri çıxmaq şərtilə heç kim əməl etmədi. Kütləvi şəkildə dedik ki, işdən çıxarılmağımıza razıyıq, ancaq trolluq alim adına yaraşmaz. Bakıda xüsusi troll dəstələri maaş alıb, hakimiyyəti tərifləyirlər. Naxçıvandakılar isə buna da pul xərcləmək istəmirlər. Dövlətdən maaş alanları məcbur edirlər”.

Naxçıvan MR Ali Məclisindən yuxarıdakı iddialarla bağlı açıqlama vermək istəmədilər.

Bənzər yazılar

Back to top button