Hadisəİdman

Cəlilabadda məktəbin stadionu satışa çıxarıldı (FOTO)

Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb.

Bu barədə Fanat.az-a satışa çıxarılan stadionun yerləşdiyi Babalı kəndinin sakinləri məlumat veriblər.

Bildirilib ki, 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılmış idman meydançası hazırda satılır.

Qeyd olunub ki, əvvəllər ərazisi daha geniş olan stadionun bir hissəsi müəyyən zamanlarda satılıb və hazırda təhsil müəssisəsinin həyətində yerləşən stadionin ərazisi 0,22 ha-dır.

Amma buna baxmayaraq, məktəbin həyəti naməlum vəzifəli şəxslər tərəfindən satışa çıxarılıb. Sakinlər isə buna etiraz olaraq, ərazinin təhsil ocağına aid olduğunu və orada şagirdlərə fiziki tərbiyə ilə bağlı dərslərin tədris edildiyini bildirirlər.

Sakinlərin sözlərinə görə, həmin ərazi kənd salınandan və kənddə ilk məskunlaşmalar yaranandan bəri idman meydançası kimi fəaliyyət göstərib. Bildirilir ki, sonradan 2006-cı ildə kənddə tam orta məktəb inşa olunub istifadəyə verildikdə stadion da məktəbin balansına keçirilib. Bununla da məktəbin uşaqlarına orada fiziki tərbiyə və müxtəlif idman dərsləri tədris olunur.

Amma sakinlərin etirazına məhəl qoymayan vəzifəli şəxslər isə satışa çıxarılan torpaq sahəsinə müştəri axtarmaqda davam edir.

Məlumatda bildirilir ki, artıq həmin ərazinin məktəbin balansından çıxarılması üçün saxta yolla qeyri-qanuni sənədləşdirmə işləri həyata keçirilib. Beləliklə, saxta sənəd əsasında məktəbin stadionunun kənd bələdiyyəsinin istifadəsinə verilməsi planlaşdırılır.

Bənzər yazılar

Back to top button