Dünya

Erməni cəmiyyəti Rusiyadan əlini üzüb – Proses ciddi etirazlara səbəb ola bilər

“Ermənistan və Rusiya arasında münasibətlərdə hər şeyin normal olduğunu demək doğru deyil”.

Hit.az xəbər verir ki, bu fikirləri erməni politoloq Norayir Dünyamalyan Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin görüşünü Gazeta.ru-ya şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra erməni cəmiyyətində Rusiyaya qarşı münasibət daha spektik şəkil alıb. Siyasi şərhçi qeyd edib ki, buna səbəb Rusiyanın Qarabağ müharibəsində tutduğu mövqedir: “Bu gün erməni cəmiyyətində Rusiyanın mövqeyini başa düşmürlər. Məsələn, Rusiya-Azərbaycan əməkdaşlığı. Moskva Bakının Avrasiya İttifaqı və Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inteqrasiyanı necə görür? Bundan başqa, Türkiyə-Rusiya münasibətləri məsələsi onlara anlaşılan deyil. Onlar aydınlaşdıra bilmirlər ki, bu münasibətlər qarşıdurmadır, yoxsa əməkdaşlıqdır?.. Bütün bunlar qeyri-müəyyənlikdən yaranır”.

Erməni politoloqun fikrincə, Paşinyanın Moskvaya səfəri “saatları tənzimləmək”dən başqa bir şey deyil.

Dünyamalyana görə hazırda əsas məsələ sərhədlə bağlıdır. “İkinci vacib məsələ isə Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat yolunun açılmasıdır. Rusiya hərbçilərinin sərhədləri qorumaq üçün gələcəyi inandırıcıdır. Mümkündür ki, kommunikasiyaların açılmasından sonra bölgəyə rus hərbçiləri gəlsin. Lakin hələ aydın deyil ki, onlar sülhməramlı kimi, yoxsa 102-ci hərbi bazanın nümayəndələri kimi bölgəyə gələcəklər”, – deyə erməni politoloq bildirib.

Rusiyalı politoloq Stanislav Pritçin isə deyib ki, hazırda İrəvan Moskvadan daha çox asılıdır. O hesab edir ki, Ermənistanın başqa alternativi də yoxdur: “Bu görüşdə Qarabağ və dəhliz məsələləri də müzakirə olunub. Eyni zamanda, Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyət də müzakirə mövzusu olub. Rus hərbçilərinin sərhəddə yerləşdirilməsi məsələsinə baxılır. Bu, sərhəddə təhlükəsizliyi rahatlıqla təmin etmək üçündür”.

Pritçin qeyd edib ki, kommunikasiyaların açılması Paşinyanın əsas problemlərindən biridir. Onun sözlərinə görə, bu işin çox incə şəkildə həyata keçirilməsi lazımdır və Paşinyan da bunu anlayır. Çünki proses ciddi etirazlara səbəb ola bilər: “Bütün bunlara baxmayaraq, Paşinyan qələbədən sonra noyabr anlaşmasının reallaşmasını təmin etməli olacaq. Birincisi, bu, Azərbaycanda olan erməni əsirlərin hamısının geri qaytarılmasına səbəb olacaq. Hazırda Bakıda onları terroçu hesab edirlər. Amma minalı ərazilərin xəritələri verildikcə bu problem də həllini tapacaq”.

Rus politoloq bildirib ki, bu məsələlərdə tərəflər arasında razılaşmalar effektiv nəticə verərsə, o zaman iki ölkə arasında sülh sazişi imzalanacaq.

Bənzər yazılar

Back to top button