İqtisadiyyat

AzTV “Turrus” şirkətindən “nevidimka” alır – Təfərrüat

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, AzTV tenderin qalibi olan “Turrus” MMC-dən (VÖEN – 1007464471) dəyəri 13 min 85 manat 2 qəpik olan qrim ləvazimatları (pudra, krem, lak, gel və s.) alacaq.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “Turrus” MMC 17.02.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğludur.

Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. Ötən ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib və Baxşaliyev Nicat Baxşalı oğlu qanuni təmsilçi olub. Sentyabr ayında Sahibzadə Xəlqani Ziyafəddin oğlu yenidən qanuni təmsilçi təyin edilib. Son bir ildə MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən çoxsaylı tender müsabiqələrində qalib olub.

Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Turrus” MMC bir dövlət qurumuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb. İndi isə AzTV-yə qrim ləvazimatları satır.


Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Qalib olduğu ilk tender müsabiqəsindən cəmi 3-4 ay əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri də odur ki, müsabiqə ilə bağlı tərtib olunan rəsmi sənədlərdə – şərtlər toplusunda satın alınacaq malın adı azərbaycan dilində yazılmayıb. Məsələn, satın alınacaq mallardan birinin adı “nevidimka” olaraq qeyd olunub.

Qeyd edək ki, Azərbaycan ədəbi dilində “nevidimka” sözü yoxdur.

Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsində açıq şəkildə yazılır ki, dövlət hakimiyyəti orqanlarında kargüzarlıq işləri dövlət dilində aparılır.

Dövlət qurumlarının satınalma müsabiqəsiylə bağlı tərtib etdiyi şərtlər toplusu da kargüzarlıq işlərinə aid sənədlərdən biridir. Bu səbəbdən həmin sənədlərdə ədəbi dildə olmayan sözlərin işlədilməsi qanun pozuntusu hesab olunur.

Onu da bildirək ki, bir çox dövlət qurumlarının tərtib etdiyi tender müsabiqəsiylə bağlı sənədlərdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələbləri pozulur.

Məsələ ilə bağlı tərəfimizdən Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-yə müraciət ünvanlanıb.

Bənzər yazılar

Back to top button