Cəmiyyət

“Dərsliklər dəyişdirilməlidir” – Tarixçi alim

Tarixçi: Dərsliklərdə əzilən, işğala məruz qalan xalq kimi təqdim olunmalı deyilik

“Ümumtəhsil məktəblərinin “Azərbaycan tarixi” dərsliklərində torpaqlarımızın işğal altında qalma dövrlərinə az yer ayrılmalıdır. Bunun əvəzinə xalqımızın mübarizliyinə, cəsurluğuna dair mövzular daha geniş işıqlandırılmalıdır”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, “Qarabağ tarixi” dərsliyinin müəllifi Qasım Hacıyev deyib.

Alim qeyd edib ki, 6-cı siniflər üçün olan tarix kitabında Azərbaycanın Sasanilər, Əhəmənilər və s. dövlətlərin işğalı altında olmasına geniş yer ayrılıb:

“Vaxtilə “pantürkist” siyasəti yürüdüldüyü zaman imperiyanın anti-türk siyasətinə uyğun olaraq, türklər “vandal”, “dağıdıcı”, “basmaçı”, “soyğunçu” kimi təsvir edilirdi və onlara qarşı nifrət hissi yaradılırdı. İndi də yalnız əzilən, talanan, işğala məruz qalan xalq kimi təqdim olunmalı deyilik. Məktəb dərsliklərində şagirdlərə elə kiçik yaşlarından xalqımızın əzilən xalq olması aşılanmalı deyil. Onlara xalqımızın daha mübariz, cəsur, ədaləti bərpa etməklə özünə tarix yazan xalq olduğunu aşılamaq, bunu faktlar və məntiqi dəlillərlə şagirdlərin nəzərinə çatdırmaq lazımdır.

Nəzərə alınmalıdır ki, bəzi dövlətlər və xalqlar, xüsusilə də ermənilər miflərlə, saxtakarlıqla və uydurma tarixlə öz gənclərində əsassız fərəh yaradırlar. Bunu nəzərə alaraq, Azərbaycan həqiqətlərini – Azərbaycan xalqının qədimliyini, yaratdığı maddi və mənəvi mədəniyyəti, dünya ictimaiyyətinə verdiyi sivilizasiyanı, dövlətçilik ənənəsini göstərən faktları, əlamət və xüsusiyyətləri gənclərə aşağı siniflərdən öyrədilməsinin böyük faydası var. Bu, onların vətənpərvər ruhda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir”.

Tarixçi deyib ki, Azərbaycan xalqının kökündə dayanan türkcülüyü, türk tayfalarının Cənubi Qafqazın qədim sakinləri olduğunu, eləcə də sonradan köç edərək gələn və qarışan türk tayfalarına dair məlumatları qısa, konkret şəkildə, şagirdin yaşını, düşüncə səviyyəsini nəzərə alaraq, pedaqoji qaydalara uyğun vermək lazımdır:

“Sovetlər dövründə Moskvadan təyin edilmiş müəlliflər “Albanlar yüzdən artıq saya bilmirdilər” fikrini uyduraraq “Azərbaycanda qədim şəhərlər ola bilməzdi” tezisi ilə çıxış edirdilər. Ən qədim şəhərlərimizi, bir qayda olaraq, orta əsr şəhərləri kimi tarixə salanlara cavab olaraq, əsl tarixi həqiqətləri yazmaq və bu həqiqətləri təbliğ etmək, onları şagirdlərimizə öyrətmək lazımdır.

Q.Hacıyev bildirib ki, məktəblilərə Azərbaycanın qədim dövrünə dair biliklər vermək üçün arxeoloji tədqiqatların nəticələrindən, Prezident İlham Əliyevin fikirlərindən və s. istifadə etmək olar.

Alim sadalanan tövsiyələrin gələcəkdə nəzərə alınmasının faydalı olacağı qənaətindədir.

Bənzər yazılar

Back to top button