İqtisadiyyat

İki aylıq şirkət Səhiyyə İdarəsinin 200 min manatlıq tenderini uddu – FOTO

Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Bikardi 2020” MMC olub.

Bakı şəhər Baş Səhiyyə İdarəsi yeməkxana və mətbəx ləvazimatlarının satınalınması üçün “Bikardi 2020” MMC-yə 193 min 465 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsi müsabiqə elanını oktyabr ayının 20-də elan edib. 193 min manatlıq tender müsabiqəsinin qalibi olan “Bikardi 2020” MMC bu elandan təxminən iki ay əvvəl – avqust ayının 26-da dövlət qeydiyyatına alınıb.

“Bikardi 2020” MMC-nin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızı bir gün sonra – 27.08.2020-ci il tarixində eyni ünvanda – Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2-də daha bir şirkət – “Savelli Holdinq” MMC-ni də qeydiyyatdan keçirib.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi iki ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.


Bənzər yazılar

Back to top button