Hadisə

Azərbaycanda narkomanların sayı niyə sürətlə artır? – Komitə sədrindən cavab

“Narkomaniyanın erkən profilaktikasında uşağın mikrososial mühitinin sağlamlaşdırılması üzrə valideynlərlə aparılan iş həlledici əhəmiyyətə malik olur”.

Bunu Bakupost.az -a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu gün bir çox valideynlər belə hesab edirlər ki, övladlarının xoşbəxt olması üçün onları maddi cəhətdən təmin etmək, onun həyatından istisnasız olaraq bütün çətinlikləri çıxarmaq lazımdır. Lakin uşağı tərbiyə etmək, ona zaman ayırmaq, onun həyatında iştirak etmək daha vacibdir: “Uşağa maddi cəhətdən təmin olunmuş şərait yaratmaq həmin valideynin tam olaraq öz vəzifəsini yerinə yetirdiyi anlamına gəlməməlidir. Çünki valideyn övlad tərbiyə edir, şəxsiyyət yetişdirir. O, daim övladı ilə maraqlanmalı, onu cəmiyyətə, həyatın sınaqlarına hazırlamalıdır. Valideyn öz övladına bir dost kimi, onu anlayan və təcrübəli bir insan kimi yanaşmalıdır. Ona görə də bu gün təkcə uşaq, yeniyetmə və gənclərlə deyil, həm də onların valideynləri ilə ayrıca və qarışıq qruplarda, yəni həm uşaqlar, həm də valideynlərdən ibarət qruplar təlimlər keçirilməli, xüsusi kurslar təşkil olunmalıdır”.

Bəşəriyyətin uzun illərdir ki, narkomaniyanın törətdiyi dəhşətli fəsadlar qarşısında aciz qaldığını deyən H.Hüseynova Azərbaycanın da bu xəstəlikdən yan keçməməsinə təəssüflənir.

Onun sözlərinə görə, ailədaxili münaqişələrin, məişət zəminində zorakılıqlar uşağın psixologiyasına çox pis təsir göstərir. Ailədə bu hadisələrə görə aldığı travma isə böyüyən uşaqlar adətən, narkomana çevrilirlər: “Ailənin qorunması üçün sağlam həyat tərzinin olması çox vacibdir. Lakin təəssüflər olsun ki, bu gün insanlar, xüsusilə gənclər, o cümlədən də qadınlar zərərli vərdişlərə qurşanır, bu isə ya ailənin dağılması, ya ailə üzvünün xəstəliyə düçar olması və vaxtsız vəfat etməsi, ya da xəstə, fiziki qüsurlu uşaqların doğulması ilə nəticələnir. Buna görə də narkomaniya problemi bu gün çox aktualdır”.

Bənzər yazılar

Back to top button