Siyasət

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan lideri haqqında ikinci hökm çıxarılıb

Aprelin 15-də Bakının Yasamal rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib.

Məhkəmə ƏLiyevi böhtanda (CM-in 147.1-ci maddəsi) təqsirli bilib.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə Əliyev barəsində məhkəmənin əvvəlki 5 aylıq həbs hökmü ilə birləşdirlərək ümümi olaraq 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Məhkəmə iddialarına Əli Əliyevin mətbuata 30 noyabr 2021-ci il tarixində Dövlət Sərhəd Xidmətinin Mi-17 helikopterinin qəzasında həmin zabitlərin sağ qalmasının mümkünsüzlüyü haqqında bəyanatı səbəb olub.

2022-ci il yanvarın 13-də Yasamal rayon məhkəməsi Əli Əliyevi 5 ay müddətinə azadlıqdan məhrum edib. Bu müddətin başa çatmasına iki ay qalmış elə həmin məhkəmə onu eyni iş üzrə eyni ittihamla daha bir ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Əliyev hökmü qəbul etməyib, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb. Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, ötən ilin noyabrında Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində idarənin 14 zabiti həlak olub, iki nəfər isə sağ qalıb. (Turan)

Bənzər yazılar

Back to top button