GündəmManşetSiyasət

Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi (DOSYE)

Prezident İlham Əliyev müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Müdafiə Nazirliyinin yeni Baş Qərargah rəisi döyüş təcrübəsi olan generallandandır. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Baş Qərargah rəisi vəzifəsinə təyin olunan general-leytenant Kərim Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Mərhum Prezident Heydər Əliyevin 1 yanvar 1994-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, Prezident İlham Əliyevin 24 iyun 2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı və 25 iyun 2012-ci il tarixli Sərəncamı ilə isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Kərim Vəliyev 14 may 2014-cü ildən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Ailəlidir, iki övladı var.

Bənzər yazılar

Back to top button