Siyasət

Putin Xankəndi ilə bağlı bu fikri səsləndiribmi? – Keçmiş XİN şefinin şərhi

“Bu, ermənilərin yaydığı təxribat xarakterli dezinformasiyadır. Amma gec və ya tez, Azərbaycan suverenliyini tam şəkildə bərpa edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin Qarabağ mövzusuna toxunarkən, “Xankəndidə də Azərbaycanın strateji mövqelərdə olması bizim öhdəliyimizdir. Biz öhdəliklərimizi yerinə yetirəcəyik” kimi fikirlər səsləndirməsinə münasibət bildirərkən, deyib. Sabiq diplomat belə bir açıqlamanın doğru olduğuna inanmır və onun Ermənistanda antirusiya əhval-ruhiyyəsinin güclənməsinə xidmət etdiyini düşünür:

“Ermənilərin təxribatına oxşayır. Hiss olunur ki, İrəvan bir müddətdir Rusiyadan narazılıq edir. Seçkilərdən sonra Paşinyanın qərbyönümlü addımları daha da güclənib. Bəlkə də onları təmin etmək və antirusiya əhval-ruhiyyəsi yaratmaq üçün təxribat xarakterli belə dezinformasiyaları gündəmə gətiriblər. Məqsəd Qərbin maraqlarına cavab verməklə, Ermənistanda antirusiya əhval-ruhiyyəsini daha da gücləndirməkdir. Amma təəccüblüsü odur ki, məlumat ilk olaraq Türkiyə mənbəyindən gəlib. İnformasiya yaymaq üçün təbii ki, hansısa mənbədən istifadə oluna bilər”.

Digər tərəfdən, T. Zülfüqarovun fikrincə, Putin belə bir öhdəlik götürübsə də, o barədə heç zaman açıqlama verməyəcək:

“Bu, siyasi məntiqə uyğun deyil. Mətbuatda, sosial şəbəkələrdə baş verən hadisələrin arxasında hansı məntiqin, hansı razılaşmanın olması barədə müxtəlif fikirlər səslənir. Məntiq isə ortadadır, onu görmək çox asandır”.

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan torpaqlarının işğalına tam olaraq son qoyulmalıdır:

“Əsas məntiq budur. Bu baxımdan ermənilər yaşayan məntəqələrdə hansısa təhlükəsizlik addımları da atılır. Bunun da məqsədi Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibində yaşamağa hazırdırlarsa, orada qalmalarına imkan verməkdir. Yoxsa, istəmirlərsə, yavaş-yavaş görürük ki, ermənilər Qarabağdan gedirlər. Oradakı ermənilər bu məntiqi başa düşür. Gec və ya tez, Azərbaycanın suverenliyinin bərpası tam şəkildə baş verəcək. Buna heç bir şübhəm yoxdur”.

Qeyd edək ki, Türkiyə mətbuatına istinadən Güninfo.az saytı Rusiya prezidenti Vladimir Putinin Qarabağ mövzusundan danışarkən, “bölgədə normal münasibətlərin yaradılması üçün hər şey edəcəyik. Xankəndidə də Azərbaycanın strateji mövqelərdə olması bizim öhdəliyimizdir. Biz öhdəliklərimizi yerinə yetirəcəyik”, – fikrini səsləndirdiyini bildirib.

Bənzər yazılar

Back to top button