Hadisə

Lənkəranda jurnalistlərə psixoloji təzyiq göstərilib

Dekabrın 4-də müstəqil jurnalistlər Aytac Məmmədli və Şəhla Kərim Lənkəranda saxlanılıblar və icra hakimiyyəti və polis işçiləri tərəfindən psixoloji təzyiqə məruz qalıblar. Bu barədə Turan-a jurnalistlər özləri bildiriblər.

Qızların sözlərinə görə, onlar reportaj hazırlamaq üçün Lənkəranda idilər. İki gün əvvəl onlar yerli bazarda saxlanılıblar, bu gün isə şəhərin küçələrində sakinlər arasında sorğu keçirərkən saxlanılıblar.

“Bizə çəkiliş aparmamaq göstərişini pozduğumuzu deyiblər”, deyə Şəhla Kərim bildirib. Eyni zamanda, onlara xidməti vəsiqələrinin olmadığı və jurnalistlərin reyestrində adlarının olmadıqları bildirilib.

“Biz müstəqil jurnalist olduğumuzu və konkret KİV-lə işləmədiyimizi bildirdik”, deyə Kərim qeyd edib.

Qızlar saxlanıldıqdan sonra Mənzil-İstismar İdarəsinə aparılıblar, orada Lənkəran İcra Hakimiyyəti və polis əməkdaşları onlarla “haqq-hesab aparıb”.

“Bizə psixoloji təzyiq göstərilib, bizi kimin göndərdiyini deməyimiz tələb olunub, casus olduğumuz və s. deyilib. Aytacın telefonundan videogörüntüləri siliblər, mənim telefonumda vatsap yazışmamı oxuyublar. Daha sonra görüntüləri silmək üçün videokameraların yaddaş kartlarını götürüblər. Biz DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevə zəng etdikdən sonra kartları qaytarıblar”, deyə Kərim qeyd edib.

Bənzər yazılar

Back to top button