Elmar Vəliyevin oğlu məhkəməyə verildi – Özbaşınalıq

by Aztoday Xəbər Portalı

Mehman Həsənov: “Əlimdə çıxarış ola-ola 10 sot torpaq sahəmi zəbt edib, hündür hasar çəkib, içində özlərinə idman meydançası tikiblər”

Göygöl rayonunun Mixaylovka kəndində 10 sot torpaq sahəsinin mülkiyyətçisi olan Mehman Həsənovun əlində bunu təsdiqləyən bütün sənədlər var. Amma o, nəinki o mülkiyyətdən istifadə edir, heç həmin əraziyə yaxın da düşə bilmir. Bu üzdən də məhkəməyə üz tutub.

“Dedilər ki, Elmar müəllimə lazımdır, etiraz etməyin yeri yox idi…”

Təxminən yarım ildir ki, Göygöl Rayon Məhkəməsində bu məsələ ilə əlaqədar araşdırma gedir. Cavabdeh isə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevdir.

Mehman Həsənov iddia edir ki, 2012-ci ildə mülkiyyət hüququnu təsdiqləyən çıxarışla aldığı torpaq sahəsi bir il sonra zəbt edilib: “Ərazi Hacıkənd yaxınlığında, səfalı yerdə yerləşirdi. Almışdım, hasarını da çəkdirmişdim. 10 sot əraziyə təkcə 450 metr armatur getmişdi. Qum, sement… Nə qədər xərcim çıxmışdı. Heç bir il çəkmədi, səhv eləmirəmsə, 2013-cü ildə dedilər ki, Elmar müəllimə lazımdır, orada nəsə tikəcək, əvəzində nəsə verəcək. Etiraz eləməyin yeri yox idi…”

“Razılaşma məqamı gələndə dedilər ki, gözləyin”

Mehman Həsənov deyir ki, onun çəkdiyi hasarı dərhal söküblər, əvəzində daha hündür, daha dəbdəbəlisini çəkiblər. Eşitdiyinə görə, mülkiyyət hüququyla ona məxsus olan, amma hündür divarlardan görünməyən ərazidə idman meydançası tikilib:

“Mən də kənardan görmüşəm, yaxına getmək mümkün deyil, hər yer kameradır. Mənə dedilər ki, əvəzində torpaq veriləcək. Hətta bir neçə yerdə torpaq da göstərdilər. Razılaşdım, dedim ki, verin. Bir neçə yerə də baxdım, razılaşma məqamı gələndə, dedilər ki, gözləyin, hələ baxarıq. Bir dəfə də 10 sot yerin əvəzinə 4 sot yer təklif elədilər, dedilər ki, qalanına sonra baxarıq. Yəni belə söhbətlər olub”.

Torpaq sahələrinin harada təklif olunmasına gəlincə, Mehman Həsənov bildirib ki, elə Hacıkənddə də ərazilərə baxıb. Onun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin Mahmud adlı işçisi vardı, bu məsələ ilə məşğul olmaqdan ötrü onu göndərirdi: “Torpaq sahələrini o aparıb göstərirdi. Hətta 2018-ci ildə məlum hadisələrdən (Elmar Vəliyevə qarşı sui-qəsd olayı nəzərdə tutulur-red.) sonra da yenə aparıb torpaq sahələri göstərirdilər. Bir dəfə Hacıkənddəki 4 sotu göstərib dedi ki, müəllim deyir, bunu götürsün, qalanına sonra baxarıq. Mən də razılaşmadım, götürmədim. Sonra Mahmudun yerində işləyən bir yoldaş Mixaylovkanın girişində bir torpaq sahəsi aparıb göstərdi. Onunla da razılaşdım. Amma onu sonra vermədilər. Mən demişdim ki, nə verirsiniz, verin, təki, mülkiyyətimin əvəzində nəsə verin. Axırıncı dəfə dedilər ki, 4 sot buradan, 4 sot oradan, 2 sot da bir başqa yerdən veririk. Yəni ayrı-ayrı yerlərdən. Buna da razılaşdım. Sonra gəldilər ki, müəllim deyir, yox, bu 4 sotu götürsün, sənədləri versin, yerimiz var, iş məhkəmədədir, qurtarsın, baxarıq. Bu məsələ də Gəncə hadisələrindən sonra olub”.

“Özlərinə də dedim ki, siz mərdi qova-qova namərd eləyirsiz”

Mehman Həsənov əlavə edib ki, Mixaylovka kəndində onunla eyni problemi yaşayan başqa vətəndaşlar da olub. O, illərlə gözləyib, problemi danışıqlar yoluyla həll etməyə çalışdığı vaxtda digərləri dövlət orqanlarına, məhkəmələrə şikayət ediblər. O isə 2020-ci ilin sonuna qədər gözləyib: “Mən şikayət vermirdim, gözləyirdim ki, xoşluqla həll olunar. Amma məhkəməyə verənlər olmuşdu, heç bilmirəm ki, onların da axırı necə oldu. Qonşular şikayət yazanda mənə də xəbər göndərmişdilər. Demişdim ki, yox, mən şikayət eləmək istəmirəm. Özümə sığışdırmırdım. Fikirləşirdim ki, mənimlə söhbət eləyiblər, verdikləri sözə əməl edərlər. Özlərinə də dedim ki, inciməyin, siz mərdi qova-qova namərd eləyirsiz. Mən on ilə yaxındı sizi gözləyirəm. Nə qədər “bu gün-sabah” olar?

Elmar Vəliyevin oğlu məhkəməyə gəlmir

Təxminən yarım ildir ki, Göygöl Rayon Məhkəməsində bu iş üzrə məhkəmə prosesi davam etsə də, cavabdeh Elmir Vəliyev məhkəməyə gəlmir. Hakim Qələmdar Abbasov əraziyə baxış keçirilməsi haqda qərar qəbul edib. Prosesə Dövlət Reyestr Xidmətinin əməkdaşları da cəlb olunub. Onlar vəkillə birlikdə hadisə yerinə getsələr də, mübahisə predmeti olan əraziyə daxil ola bilməyiblər.

Bu iş üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Meydan TV məsələ ilə əlaqədar sabiq icra başçısının oğlu ilə əlaqə saxlamağa cəhd göstərsə də, ondan deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Göygöl Rayon Məhkəməsindən isə Meydan TV-yə bildirilib ki, mülki mübahisə ilə bağlı araşdırmalar davam etdiyinə görə heç bir açıqlama verilə bilməz.

Bənzər Yazılar