İdman

Tokio-2020: Azərbaycan ilk medalını qazandı

Tokio Yay Olimpiya Oyunları davam edir.

Fanat.az xəbər verir ki, cüdo üzrə fərdi yarışların son günündə iki təmsilçimiz mübarizəyə qoşulub.

Kişilərdən ibarət millimizin 100 kiloqramdan ağır çəki dərəcəsindəki üzvü Uşanqi Kokauri mübarizəyə 1/16 finaldan başlayıb. 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında gümüş mükafat qazanan 29 yaşlı cüdoçumuz polşalı Matey Sarnaçki ilə üz-üzə gəlib.

Təmsilçimiz “ippon” xalı ilə rəqibinə qalib gəlib.

Lakin sonrakı mərhələdə braziliyalı ikiqat Olimpiya mükafatçısı Rafael Silva(Braziliya) ilə qarşılaşan Kokauri, “qızıl xal” da “ippon”la uduzub.

Yalnız 1/4 finalda uduzanlar təsəlliverici mərhələyə qatılmaq imkanı qazandığından kişilərdən ibarət millimizin yarışı medalsız başa vurması rəsmiləşib.

Qadınlardan ibarət millinin üzvü İrina Kindzerska(+78) mübarizəyə 1/8 finaldan start verib. Yarış iştirakçılarının reytinqində ikinci sırada olan dünya və Avropa çempionatlarının mükafatçısı bu mərhələdə Larisa Çeriçi(Bosniya və Herseqovina) “ippon”la keçib.

Sonrakı mərhələdə cənubi koreyalı Mijin Hanla üz-üzə gələn 30 yaşlı cüdoçumuz, əsas vaxtın bitməsinə 1 dəqiqə 21 saniyə qalmış rəqibini “ippon” xalı ilə mübarizədən kənarlaşdırıb.

İrina finala vəsiqə uğrunda yaponiyalı dünya çempionu Akira Sone ilə qarşılaşıb. Rəqibinə “ippon”la uduzan təmsilçimiz, Olimpiadanın finalına yüksəlmək imkanını itirib.

Kindzerska bürünc medal uğrunda görüşdə Şiyan Xu(Çin) ilə münasibətlərinə aydınlıq gətirib.

Görüşdə “ippon” xalı ilə qalib gələn cüdoçumuz Azərbaycana Tokio 2020-nin ilk medalını qazandırıb.

Qeyd edək ki, sabah, cüdo turnirinin son günündə qarışıq komanda mübarizəsi baş tutacaq. Azərbaycan bu yarışda təmsil olunmayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button