Hadisə

Bakıda iki polis rəisi işdən çıxarıldı – Məşhur gecə klublarını himayə etdiklərinə görə…

Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev və 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli tutduqları vəzifələrdən azad olunublar.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Məlumata görə, adıçəkilən şəxslər rayon ərazisində xüsusi karantin rejimi qaydalarının mühafizəsində və sanitar epidemioloji vəziyyətə nəzarət zamanı yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı təsdiq edib.

Qeyd edək ki, elə bu gün Bakının Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Farid Vəliyev və 17-ci polis şöbəsinin rəisi İltimas Yusiflinin bu gecə klublarına himayədarlıq etdiklərinə görə vəzifələrindən uzaqlaşdırıldıqları bildirilir. İltimas Yusiflinin sabiq DİN rəhbəri Ramil Usubovun qohumu olduğu verilən məlumatlar sırasındadır. (Azpolitika)

Bənzər yazılar

Back to top button