Bizim seçimİqtisadiyyatManşet

Kəndlilər onlara ayrılan subsidiyanın mənimsənildiyini deyir

“Payçılar öz ərazilərini məmurlara ucuz qiymətə satmağa məcbur olurlar”

“Kəndlilərə ayrılan subsidiyaları mənimsəyirlər. Özbaşınalıq baş alıb gedir. Kənd təsərrüfatı ilə məşğul olanların durumu ağırdır, kömək edənləri yoxdur. Dövlətin uzatdığı əli də özlərinə sərf edən şəkildə istifadə edirlər”.

Kürdəmir rayonunun Yenikənd kəndinin sakini Firəngiz Zalova belə deyir.

İcra nümayəndəsinin sürücüsü kəndlilərlə pis rəftar edir

Bildirir ki, problemləri ilə bağlı dəfələrlə Yenikənd İcra Nümayəndiliyinin rəhbəri Yeganə Qədirovaya müraciət ediblər. Ancaq heç bir xeyri olmayıb:

“O, icra nümayəndəsi olsa da, sürücüsü və həyat yoldaşı olan şəxs rəhbərlik edir. İnsanlarla çox kobud rəftar edərək, hər kəsi təhqir edir”.

Boş torpaqları əkilmiş göstərib, dövlətdən pul silirlər

Həmin kəndin sakini Oqtay Zalovun da problemi eynidir. Deyir, kənddəki torpaq sahələri əkilsə də, boş göstərilməklə payçılara ziyan vurulub. Onlar subsidiyadan məhrum ediliblər:

“Yenikənd kəndində belə payçılar 100-lərlədir. Paylarından imtina edən payçıların boş torpaqları isə əkilmiş kimi göstərilməklə həmin torpaqlar üçün nəzərdə tutulmuş vəsaitlər silinir”.

Sahibkarlar əkdikləri pay torpaqlarından istifadə edə bilmirlər

Zalovlar ailəsinə də buna görə ziyan dəyib. Deyirlər ki, hər hektara 50 manat ödənildiyi üçün onlar ümumilikdə 435 manat zərər ediblər: “Beləliklə, bu şərtlər altında sahibkarlar əkdikləri pay torpaqlarından istifadə edə bilmirlər. Sonda payçılar öz ərazilərini məmurlara ucuz qiymətə satmağa məcbur olurlar”.

Belə özbaşınalıqlar ola bilməz

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin əməkdaşı Əşrəf Şükürov bu barədə onlara müraciətin olmadığını, məsələdən xəbərsiz olduğunu deyib: “Ancaq onu deyim ki, belə bir halın olması mümkün deyil. Kənd təsərrüfatına da, həmin pay torpaqlarının əkilməsinə də nəzarət güclüdür. Belə özbaşınalıqlar ola bilməz. Siz yenə də Kürdəmir Kənd Təsərrüfatı İdarəsi ilə əlaqə saxlayın”.

Kəndin şikayətçi sakinləri bizə ərizə ilə müraciət etsinlər

Kürdəmir Kənd Təsərrüfatı İdarəsinin rəhbəri Mətləb Kərimov isə bildirib ki, həmin işə onlar baxmırlar: “Nazirlər Kabinetinin bununla bağlı qərarı və subsidiyanın verilməsi barədə qanun var. Həmin qərara və qanuna görə, subsidiya işlərinə biz yox, kənd ərazi komissiyası baxır. Həmin komissiyanın da tərkibində icra nümayəndəliyi, bələdiyyə və həmin kəndin seçilmiş ağsaqqalları olur. Vətəndaş ərizə ilə müraciət edir kənd ərazi komissiyasına. Komissiya ilə vətəndaş birgə torpağa baxış keçirirlər. Bundan sonra baxış aktı yazılır. Akt yazılandan sonra sənədlər toplanır. Toplanmış sənədləri kənd ərazi komissiyası göndərir rayon komissiyasına. Biz bundan sonra həmin sənədləri göndəririk respublika komissiyasına. Bundan sonrakı işə onlar baxır. Nöqsanlara, uyğunsuzluğa və s. onlar aydınlaşdırıb, rəy verirlər. Həmin kəndin şikayətçi sakinləri bizə ərizə ilə müraciət etsinlər, onlara qayda-qanunu izah edək”.

Taxıl əkilməyən yerə də subsidiya yazılmır

Kürdəmir rayonu İcra Hakimiyyəti başçısının Yenikənd kənd icra nümayəndəsi Yeganə Qədirova isə bildirdi ki, kənd sakinlərinin dedikləri şər-böhtandır: “Əkilməmiş torpağa görə subsidiya yazılır ki, mənimsənə də? Cədvələ düşməyən şey mənimsənilə bilməz. Onlar əkin əkməyiblər, onların ərazisi ot yeri olub deyə yazılmayıb. Yalan deyirlər, böhtan atırlar. Onlar pay torpaqlarını başqasına əkməyə veriblər. Onlar da ot əkib, yığıb, satıblar. Taxıl əkilməyən yerə də subsidiya yazılmır”.///

Bənzər yazılar

Back to top button