İqtisadiyyat

BNA rəsmisi deputata sərt cavab verdi və onu piyada gəzməyə dəvət etdi

“BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat hesab edir ki, bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb:

“Yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə niyə nömrə üçün əlavə pul vermək lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır? Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, kütləvi şəkildə sürücüləri cərmələdiyinə görə BNA-dan narazı qalanların sayı çoxdur:

“Yol Polisi də kimi çərimələyirsə, həmin adam ondan nazarı qalır. Cəmiyyət belədir. BNA-nın parklanma ilə siyasətində müəyyən dəyişikliklərin edilməsi vacibdir. Prezident də bunu çıxışında qeyd edib ki, vətəndaşlara şərait yaratmaq lazımdır. Birinci şərait yaradılmalı, sonra cərimələnməlidir. BNA isə ilk olaraq cərimələnməyə başlayıb. Bunun da effekti göz özündədir. Artıq cəmiyyətin bütün təbəqəsindən olan insanlar cərimələmə ilə bağlı BNA-nın fəaliyyətindən narazıdır. BNA-da korrupsiya var deyən bir şəxs olmayıb. Və yaxud da deyib, bunu sübut edən də yoxdur. Amma hamı narazıdır ki, BNA niyə cərimə yazır? BNA da çıxıb açıqlama verir ki, siz niyə qaydanı pozursunuz ki, biz də cərimə yazırıq. Vətəndaş da deyir ki, sən mənə yer vermirsən, parklanma üçün imkan yaratmırsan, amma məni harda tutdun cərimə yazırsan. Problem budur. Bakı şəhərində infrastruktur elə qurulub ki, ciddi problem var. Dünyada heç bir ölkədə piyada səkisinin üstündə bina tikmir, dayanacaqda corab satmır və s. Amma bizdə dayanacaqlarda dönərxanalar tikirlər. Parklanma işində vəziyyətimiz yaxşı deyil. İstərdim ki, BNA əhalinin bu həssas dönəmində bu qədər dərinə getməsin”.

BNA rəsmisi Mais Ağayev isə Fazil Mustafanın ittihamına belə cavab verib və onu piyada gəzməyə dəvət edib:

“Milli Məclisin üzvü, millət vəkili Fazil Mustafanın informasiya saytlarından birinə verdiyi müsahibə zamanı Bakı Nəqliyyat Agentliyi barədə səsləndirdiyi qərəzli və subyektiv fikirlər təəssüf doğurur. Bu cür əsassız fikirlər Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyədə çaşqınlıq yaradaraq şübhə altına alır.

Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir. Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə, ümumiyyətlə, heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur.

Avtomobil sürücüləri ilə müqayisədə hərəkət iştirakçıları arasında ictimai nəqliyyat istifadəçiləri əsas üstünlüyə malikdilər. Onların rahatlığını təmin etmək də daim dövlətin diqqət mərkəzindədir. Dövlət Başçısının tapşırığı ilə son beş ildə Bakı şəhərinin avtobus parkının həmçinin ictimai nəqliyyat infrastrukturunun müasirləşməsinə sərmayə qoyulması da bu diqqətin bariz nümunəsidir.

Millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik. Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər. Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığı üçün həyata keçirilən layihələr, onların müsbət təsirləri bağlı davamlı maarifləndirmə və məlumatlandırma işləri aparır. Bunu nəzərə alaraq icra olunan layihələr, beynəlxalq təcrübədə bu işlərin hansı formada əksini tapması, ən əsası vətəndaşlarımızın bu işlərdən hansı formada bəhrələnəcəyi barədə millət vəkili eləcə də digər maraqlı şəxslərə təqdimatlar etməyə və onlarla açıq müzakirlərə də hazır olduğumuzu da qeyd edirik”.

Bənzər yazılar

Back to top button