Siyasət

YAP-ın ağsaqqalı “Xural” saytını məhkəməyə verib

Nərimanov rayon məhkəməsində Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənovun “Xural” saytının redaktoru Əvəz Zeynallıya və fərdi sahibkar Şəfəq Nəcəfovaya qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə hazırlıq iclası keçirilib.

Həsənov Zeynallının və Nəcəfovanın AR CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edir.

Nəcəfova və Həsənov arasında münaqişə və məhkəmə çəkişməsi qarşılıqlı əmlak iddiaları əsasında baş verir, belə ki, Həsənovun evi və Nəcəfovaya məxsus klinika yanaşıdır. Bu yaxınlarda Nəcəfova jurnalistlərin problemi işıqlandırması üçün mətbuata müraciət etmək qərarına gəlib, Zeynallı da “Miri Həsənov klinikanın damında bağ saldı” sərlövhəli məqalə dərc edərək problemi işıqlandırıb.

Həsənov iddia edir ki, məqalədə böhtan və onun şərəf və ləyaqətini təhqir edən ifadələr yer alır, bundan başqa, onun icazəsi olmadan fotoşəkilləri dərc edilib, habelə onun mövqeyi işıqlandırılmayıb. Zeynallı isə öz növbəsində iddia edir ki, Həsənovdan müsahibə götürməyə çalışıb, amma o, bundan imtina edib.

Məhkəmə iclasında hakim Vüsal Qurbanov Əvəz Zeynallıdan “Xural” saytının hüquqi ünvanı haqqında rəsmi sənəd gətirib-gətirmədiyini soruşub. Baş redaktor cavab verib ki, saytın domeni onun adına alınıb, sayt Məhdud Məsuliyyətli Cəmiyyət deyil, buna görə hüquqi ünvanı yoxdur və ünvan Zeynallının yaşayış yerinə aiddir.

Hakim tərəflərin bu işin Nərimanov rayon məhkəməsinin yurisdiksiyasına aid olub-olmadığı barədə tərəflərin fikrini soruşub. Miri Həsənov və vəkili bu işə baxılmasının birbaşa Nərimanov rayon məhkəməsinə aid olduğunu bildiriblər. Zeynallı isə öz növbəsində qeyd edib ki, o, Binəqədi rayonunda qeydiyyatdadır, buna görə işə Binəqədi rayon məhkəməsində baxılmalıdır.

Qısa müşavirədən sonra məhkəmə iddianı baxış üçün qəbul etməyib və işin Binəqədi rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbul.(Turan.az)

Bənzər yazılar

Back to top button