GündəmİqtisadiyyatManşet

Hacıbala bəlasını görən Suraxanı tarixinin ən ağır Əzizli günlərini yaşayır (FOTO)

Bakının heç vaxt bəxti gətirməyən rayonunu son illərdə obyektləri satışa çıxarılmış Sədərək bazarına çevirən icra başçısını tanıyın!

Bakıda bir rayon var ki, onun bəxti heç bir dövrdə gətirməyib. Sovet dövründə paytaxtın şəhərətrafı qəsəbələrinin daxil olduğu bu rayona sakinlərdən heç kimin tanımadığı bir gürcünün adını qoymuşdular. Bəlkə də ona görə bu rayon bir qədər diqqətdən kənarda qalmışdı. Sonradan rayon mərkəzinin yerləşdiyi qəsəsəbəyə görə Suraxanı adı verilən rayonun, nə yazıq ki, müstəqillik dövründə də başı bəlalardan əskik olmayıb. Bu rayona başçı seçimində də etinasızlıq müşayiət olunub. Məsələn,

SURAXANI RAYONUNUN MÜSTƏQİLLİK DÖVRÜNDƏKİ İLK BƏLASI HACIBALA OLUB.


Hələ 1990-cı illərdən rayona rəhbər təyin edilən Hacıbala Abutalıbov yüksək vəzifəyə gedənə qədər rayon ərazilərindəki torpaqları satıb, qardaşının biznesini çiçəkləndirmək üçün yalançı səki daşları və heykəllərlə rayonu bəzəsə də, əhalinin sosil-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi baxımından heç bir iş görməyib. Və bir gün vaxtilə canından çox istədiyi Suraxanı kimi “əziz balası”nı ataraq vəzifə dalınca qaçan Hacıbaladan sonra rayon daha bir neçə icra başçısı dəyişib. Sonradan Bakının meri olan Hacıbaladan örnək götürən Suraxanının icra başçıları isə əvvəlki ənənəyə sadiq qalaraq kreslolarında oturub xımır-xımır satıb-yeməklə məşğul olublar. Ancaq 2019-cu ilin dekabrından rayona icra başçısı təyin edilən

ƏZİZ ƏZİZOV SURAXANININ BAŞINA ELƏ BİR “TOY” TUTUB Kİ,

bəlkə də bu rayonun əhalisi 1918-ci il mart soyqırımından bəri belə zülm görməyib. Bundan qabaq rəhbərlik etdiyi Yasamalda ayaq atmağa yer qoymayan Əziz Əzizov nisbətən gözdən-könüldən uzaq olan Suraxanının boş qalan yerlərini, habelə vaxtilə satılan torpaqlarını kimlərinsə vasitəsilə alıb, ticarət obyektləri inşa edilməsinə göz yumaraq Sədərək bazarına çevirib. Belə ki, son 30 ildə Suraxanıda heç vaxt görünməyən şəkildə obyektlərin tikintisi geniş vüsət alıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan gündən Əziz Əzizov əsas diqqəti rayondakı şəhərətrafı qəsəbələrin vacib problemlərinin həllinə, abadlıq işlərinə deyil, rayon ərazisinə daxil olan Suraxanı, Əmircan, Bülbülə, Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ, Hövsan və digər qəsəbələrdə ticarət, kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib və ya şərait yaradıb.

Ə.Əzizovun bu istiqamətdəki fəaliyyəti barədə dəfələrlə yazılsa da, deyilsə də, rayon sakinlərinin narazılığını qulaq ardına vurmaq bir tərəfə, nədənsə onu bu vəzifəyə təyin edən Azərbaycan Prezidenti qarşısında məsuliyyət daşıdığının fərqinə varmır. Məsələ o yerdədir ki, Yeni Suraxanı qəsəbəsində orta məktəbin yanında yerləşən torpaq sahəsinin, Hövsan qəsəbəsində uşaqların futbol oynadığı meydançanın satılıb nəhəng obyekt biunasının inşasına, digər ərazilərin hasara alınaraq ticarət obyektinin tikintisinə şərait yaratması barədə mediada məlumat yayılsa da, bu adam geri çəkilməyib. Əksinə rayonun adıçəkilən qəsəbələrində genişmiqyaslı tikinti işləri davam etdirilib. Rayon sakinlərindən alınan məlumatlara görə, rayon son 30 ildə hələ bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb. Üstəlik, bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, deyilənə görə, hazırda Bakı şəhəri üzrə

TİCARƏT OBYEKTLƏRİNİN SATIŞI VƏ İCARƏSİ ELANLARINA GÖRƏ SURAXANI ŞƏRİKSİZ LİDERDIR.

Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunandan ötən iki il ərzində rayon əhalisinin heç bir ciddi problemi həllini tapmayıb. Məsələn, rayon ərazisində hansısa yeni müəssisə və istehsalat sahəsinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması barədə məlumata rast gəlinməyib. Əksinə illərdir yol sarıdan əziyyət çəkən Hövsan sakinlərinin problemlərinin qeydinə qalmaqdansa, qəsəbə ərazisində boş olan ərazilərin zəbt olunmasına, orada obyektlərin tikilməsinə şərait yaradır.

Ən maraqlısı isə odur ki, Hövsanda çoxsaylı obyektlərin tikintisi aparıldığı barədə mediada yazılar getdikdən sonra Ə.Əzizov özünün guya vətəndaşların yanında olduğunu göstərmək məqsədilə qəsəbənin Oqtay Şabanov küçəsində yol kənardında ucaldılan çoxmərtəbəli obyektlərin arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə guşə yaradıb. Təbii ki, həmin guşə o tərəf, bu tərəfdən obyektlərlə çevrildiyi üçün ilk baxışda heç kimin diqqətini çəkmir. Üstəlik, bu guşənin niyə məhz orada yaradılması şəhidlərə hörmətsizlikdən başqa bir şey deyil. Əslində bu kimi addımlar, o cümlədən ötən ildə rayon üzrə Vətən müharibəsi şəhidlərinin anım mərasimlərində daha tez-tez görünməsi Ə.Əzizovun artıq rayonda yaranan mənfi imicini ört-basdır etmək cəhdlərinin tərkib hissəsidir.

Beləliklə, paytaxtın başıbəlalı Suraxanı rayonu tarixinin ən ağır dövrü hesab edilən Əzizli günlərini yaşayır. Qarşıdan isə yurdumuza bahar gəlir. Havalar istiləşən kimi, Suraxanının küçə və ara yollarındakı gölməçələr başda olmaqla, daha ciddi problemləri ortaya çıxacaq, lakin onların həlli əvəzinə çox güman ki, rayonda başlayan obyekt tikintiləri də yeni sürətlə davam edəcək. Ona görə də Suraxanı sakinləri yaz aylarının gəlişini yox, Əzizli günlərinin tarixə qovuşmasını arzu edirlər.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button