İqtisadiyyat

Pambığın alış qiyməti artırıldı

Pambığın alış qiyməti 50 manat artırılıb.

Bu barədə bu gün, avqustun 18-də Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat artırılıb.

“2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub”, – məlumatda yazılıb.

Nazirlik xatırladır ki, təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlərin pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat da əkin subsidiyası aldıqları bildirilir.

“2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub. Pambıq üzrə orta məhsuldarlıq 33.6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır”, – nazirlik vurğulayır.

Amma bəzi ekspertlər də iddia edirlər ki, Azərbaycanda mövcud pambıq təsərrüfatlarının çoxu oliqarx məmurlara məxsusdur. Ekspertlərin vurğulamasına görə, güzəştlərdən də, əsasən, onlar faydalanır, sadə fermerlər isə daim su sarıdan qıtlıq çəkirlər.

Bənzər yazılar

Back to top button