Cəmiyyətİqtisadiyyat

Azərbaycanda daxili turizm bu tarixdə bərpa olunacaq (AÇIQLAMA)

Bildiyimiz kimi bütün dünyanı cənginə alan koronavirus pandemiyası bir çox sahələrlə bərabər turizm sektoruna da ciddi ziyan vurub. Amma son günlərdə pandemiyanın ən çox yayıldığı Avropa ölkələrində yoluxma və ölüm saylarının azalması ilə karantin vəziyyəti nisbətən yumuşaldılıb. Belə ki, Türkiyədə Mədəniyyət və Turizm Naziri vəziyyətə uyğun olaraq daxili turizm sahəsinin may ayının sonunda açılacağı şad xəbərini verib.

Azərbaycanda daxili turizm sahəsi nə vaxt açılacaq və bu hansı proseslərlə aparılacaq?

AzToday.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Əhməd Qurbanov Sonxeber.az-a açıqlama verib.

O, bildirib ki, pandemiya qlobal olaraq dünyada və eləcə də ölkəmizdə turizmə çox böyük ziyan vurub:
“Azərbaycanda daxili turizm əsasən karantin müddəti bitdikdən sonra başlayacaq. Yəni, karantin müddəti bitdikdə, insanlar evlərindən çıxmağa başladıqda, eyni zamanda turizm obyektləri fəaliyyətini bərpa etdikdən sonra yəqin ki, may ayının sonu, iyunun əvvəlində başlayacaq.

İlk növbədə otellər, iaşə obyektləri, restoranlar, əyləncə mərkəzləri mərhələli şəkildə özlərini bərpa edəndən sonra artıq daxili turizmimiz yavaş-yavaş əvvəlki vəziyyətinə qayıdacaq. Bu da hardasa iyun ayının əvvəllərinə və sonuna şamil oluna bilər.

Sərhədlərin bağlı olması ilə əlaqədar olaraq insanlar xaricə səyahət edə bilməyəcəkləri üçün əsasən bölgələrimizə səyahət etməyə üstünlük verəcəklər və bu da artıq daxili turizmin inkişafı deməkdir. Biz Azərbaycan Turizm Assosiasiyası olaraq daxili turizmin inkişafı ilə bağlı mexanizmləri və konsepsiyanı yaxın günlərdə hazırlayacağıq. Bu konsepsiyaya əsasən daxili turizmin inkişafı, daxili turizmdə görülməli işlər, turizm şirkətlərinin daxili turizmdə keçməli olduğu yol xəritəsi və sairə özünü əks etdirəcək. Düşünürəm ki, daxili turizmin inkişafı əvvəlki vaxtlara nisbətən daha da artacaq. Çünki bölgələrimizin potensialı yüksəkdir. İnsanlar da karantin müddətindən çıxıb bölgələrə səyahət etmək istəyəcəklər .Ona görə də daxili turizmin inkişafını yüksək səviyyədə gözləyirik”.

Bənzər yazılar

Back to top button