Cəmiyyət

Ekspert Azərbaycan özəl universitetlərindəki rüsvayçı gerçəkliyi ifşa etdi

“Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq müasir dövrün ali məktəbi, müasir universitet tendensiyası, müasir çağırışlar fərqlidir. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalırlar”.

Bunu təhsil eksperti Kamran Əsədov hazırda dünya ölkələrində insanların özəl universitetlərə etimad göstərdiyi bir zamanda abituriyent və valideynlərin yerli özəl universitetlərə güvənməməsinin səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhsili bilən, dünya təhilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar:

“Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil oclaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər. Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır. Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli olduğundan dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır”.

Kamran Əsədov bildirib ki, bunun digər səbəbi universitetə xarici tələbə axınının az olmasıdır:

“Məsələn, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 mindir. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır”.

Ekspert hesab edir ki, Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir:

“Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinq siyahısının 500-lüyünə düşməməşi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər. Qeyd etdiyim kimi, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqin tərtib olunmasında bir neçə meyar – akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır”.

Bənzər yazılar

Back to top button