Hadisə

Pulumuzu ver, ZAKİR FƏRƏCOV!

Ara kirvə, çaxırı içmisən pulunu ver dəə

Yaxud Zakir Fərəcovun ŞƏLALƏ-si …

Köhnə dağarcığı tumaş yerinə satma, Zakir Fərəcov…

İŞİD-dən daha təhlükəli olan Azərbaycan məmurlarının meşəni, dəniz sahilini hasarlaması, çayları, gölləri özəlləşdirməsi, dağları dağıdıb daş karxanası etməsi artıq adi hala çevrilib. Düzdür, sonda cənab prezident İlham Əliyev belə məmurların haqlı cəzasını verir. Amma…

Əlbəttə məlumdur ki, İNSAN OĞLU-nun içində NƏFS adlı bir QUYU var. Amma FƏRƏC KİŞİ-nin OĞLU Zakirin içindəki QUYU-nun DİB-i görünmür.

Oxucuları yormamaq üçün birbaşa mətləbə keçək.

Deməli, Quba-Xınalıq yolunun Qırız-Dəhnə ərazisində, daha dəqiq desək, məşhur “Nazlı bulaq”a çatmamış gözəl bir şəlalə var idi.

Və yoldan keçənlər, əcnəbi turistlər bu gözəl mənzərənin önündə dayanıb xatirə şəkili çəkdirər və sərinləyərdilər. Bir gün ərazinin sakinləri səhər yuxudan oyananda görüblər ki, şəlalə yerli-dibli yoxa çıxıb. Camaat mat-məəttəl qalıb.

Qədim zamanlarda ƏJDAHA QARDAŞ yezidi kürd kimi suyun başını kəsdirib camaatı suya həsrət qoyarmış. İndi ƏJDAHA QARDAŞI Zakir Fərəcov əvəz edir.

Əlqərəz, Quba camaatı xeyli axtarışdan sonra məşhur şəlalənin yerini tapa bilib. Sən demə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəlalədən yaman xoşu gəlirmiş. Və gecə ilə şəlaləni yönünün dəyişib, 10 km uzunluğunda 300 mm-lik boru ilə yaxın ərazidəki möhtəşəm villasına aparıb.

Bunu deməkdə məqsədimiz nədir?

Bu insan NƏFS-inin əsiridir, bu insanın gözü doymur.

Bu adam Sumqayıtın bələdiyyə sədri olanda nə qədər torpaq satdı, sonra Abşeronun icra başçısı oldu. Abşeron torpaqlarını qarış-qarış satdı. Hətta bu torpaq alverinə görə, Saray bələdiyyəsinin xanım sədrinin başını kəsdilər. Bu da Zakir Fərəcovun nəfsini dayandırmadı.

Sonra Zakir Fərəcov Sumqayıtın icra başçısı oldu. Zakir Fərəcov Sumqayıtı abadlaşdırmaq, yeni bulvar salmaq adı ilə dövlətdən milyonlarla vəsait aldı. Ancaq icra başçısına bu milyonlar azlıq edirdi.

Zakir Fərəcov iş adamlarına, sahibkarlara “Qardaşım..” deyərək yalvarırdı ki, kömək edin, Prezidentin yanında üzümü ağ edin, obyekti uğurla təhvil verək, pulunuzu artıqlaması ilə verəcəm.

Amma iş adamları Sumqayıtın icra başçısı Zakir Fərəcovdan onlara çatacaq 8 milyon manatı 3 ildir ala bilmirlər.

İş adamlarının şikayət etmədiyi dövlət qurumu, vəzifəli şəxs qalmayıb. Amma Zakir Fərəcov iş adamlarının, fəhlələrin, ümumilikdə 426 nəfərin halal pulunu vermək istəmir. Hətta ümumi məbləğin 30 faizini də istəyir.

Zakir Fərəcov 3 ildə iş adamlarına hansı yalanları deməyib, nələr uydurmayıb. İş adamlarını müavinləri vasitəsilə bir müddət aldadıb, hərdən hədə-qorxu da gəlib, həbsxana ilə təhdid edib.

Artıq səbri tükənən sahibkarlar, maaşını ala bilməyən vətəndaşlar icra hakimiyyətinin qarşısında “ Zakir Fərəcov, pulumuzu ver ! “ aksiyası keçirməyi də düşünürlər.

Ancaq hələki sivil formada ölkə başçısı cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edərək, öz halal pullarını tələb edirlər.

İş adamları cənab Samir Nuriyevdən xahiş edirlər ki, onları qəbul etsin.

Şikayətçilər cənab Prezidentə bildirirlər ki, Zakir Fərəcov hər ayın 10 gününü işdə tapılmır, xaricdə olur və işləri tapşırır müavinləri Gündüz Əliyevə və Xudadatova. Bu adam böyük bir şəhərin rəhbəridir, yoxsa turistdir?

Zakir Fərəcov xaricə nə məqsədlər gedir özü bilər. Amma mediada guya Sumqayıtla qardaşlaşmış şəhərlərin rəhbərləri ilə köhnə şəkilləri paylaşıb guya işgüzar səfərdə olduğunu göstərir. Ancaq bilənlər yaxşı bilir ki, bu şəkillər neçə il əvvəl çəkilmiş köhnə şəkillərdir. Dədə Ələsgər demişkən, ay Zakir, köhnə dağarcığı tumaş yerinə satma…

Sonda Zakir Fərəcova məşhur “O olmasın, bu olsun” filmindəki bir epizodu xatırlatmaq istəyirik: “Ara kirvə, çaxırı içmisən pulunu ver dəə..”

Zakir Fərəcov! Yaşından, başından ayıbdır. Ver insanların pulunu bitsin bu şikayətlər.

Sahibkarlar Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevdən onları qəbul etməyi və problemlərini möhtərəm Prezidention diqqətinə çatdırmağı xahiş edirlər.

Mənbə: nuh.az

Bənzər yazılar

Back to top button