Dünya

Donald Trampın oğlu: “Hər amerikalı “Talliban”ın silahlanmasına 265 dollar bağışlayıb”

ABŞ Əfqanıstanın üzərindən əlini çəkib. İslam ölkəsində iki həftədən çoxdur hakimiyyətə terror qruplaşması gəlib. “Taliban” Əfqanıstanın əksər hissəsinə nəzarəti ələ keçirib.

Bizimyol.info xəbər verir ki, terror qruplaşması ABŞ-ın xeyli silahına sahib çıxıb. Ümumi dəyərin 85 milyard dollar olduğu bildirilir. Elə ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu da bu rəqəm üzərində dayanıb. Kiçik Tramp bu qədər silahın “Taliban”a qoyulmasını faciə adlandırıb. Onun hesablamasına görə, hər amerikalı Əfqanıstandakı terror qruplaşmasına 265 dollar bağışlamalı olub.

Keçmiş prezidentin oğlu məmurları tənqid edib. “Əhsən, demokratlar!” – kiçik Donald Tramp rişxəndlə yazıb. Amma “Twitter”də yazılanlar əks effekt verib. Keçmiş prezidentin oğlunun özünü çox tənqid ediblər. Ona Əfqanıstanda uğursuzluğa görə atasının az günahkar olmadığını xatırladıblar. Rəylərdə məhz Donald Trampın bütün ordunu və texnikanı Asiyadan vaxtında çıxara bilmədiyi yazılıb.

ABŞ-ın Əfqanıstanda 85 milyard dollarlıq silah qoyub gəlməsi fikrini hamıdan əvvəl Nümayəndələr Palatasının üzvü Cim Benks səsləndirmişdi. O, Asiyada 75 min avtomaşının, 200 təyyarə və vertolyotun, 600 min ədəd odlu, yüngül silahın qaldığını bildirmişdi. Benks demişdi ki, indi “Taliban”ın əlindəki “Black Hawk” vertolyotlarının sayı dünyanın 85 faizində olanlardan daha çoxdur. Konqresmen gələcəkdə həmin silahlarla amerikalıların öldürüləcəyi təqdirdə qanın dövlət başçısı Co Baydenin üzərində qalacağını dilə gətirmişdi.

Polkovnik Riçard Kemp də silahlarla bağlı narahatlıq ifadə etmişdi. Hərbçi demişdi ki, indi “Taliban” hərbi qüvvəsinə görə dünyanın əksər ölkələrindən güclüdür. Əfqanıstanda Böyük Britaniya qoşununa başçılıq edən polkovnik hadisələrin yaxşı istiqamət almayacağını demişdi.

ABŞ qoşunlarını Əfqanıstandan mayın 1-dən çıxarmağa başlayıb. Məhz bundan sonra “Taliban” ölkədə fəallaşmışdı. Terror qruplaşması avqustun 15-də Əfqanıstanın böyük hissəsinə nəzarəti ələ keçirdiyini açıqlamışdı. Həmin gün prezident Əşrəf Qani ölkəni tərk etməli olmuşdu.

Bənzər yazılar

Back to top button