Cəmiyyət

Əlçatan olsun deyə iş gördülər, oldu əlçatmaz: İş dəftərləri niyə tapılmır

Məktəblərin açılması ilə ənənəvi problemlərimiz də öz yerlərini aldılar. Narazılıqlar əsasən ibtidai siniflərdə oxuyan şagirdlərin valideynləri tərəfindən səsləndirilir.

İlk narazılıq iş dəftərlərinin poçtlarda satılması, əl-əl , qapı-qapı gəzsələr də, dəftərlərin tapılmamasıdır. Ötən illərdə olduğu kimi, iş dəftərlərinin əldə olunması “Azərpoçt MMC” vasitəsilə həyata keçirilir. İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir. Bu ondan ötrü edilib ki, bütün kənd və rayonlarda poit şöbələri var, iş dəftərləri bütün valideynlərə əlçatan olsun. Təhsil Nazirliyi və təhsil ekspertləri belə deyirlər. Valideynlər isə narazılıq edirlər ki, bütün məktəb ləvazimatları kimi iş dəftərlərini də ümumi bir mərkəzdə satsaydılar, ala bilərdik. Onsuz da ilin əvvəlində hamı alış-veriş edir. Əlçatanlıq bəhanəsi xoşagəlməz nəticələr verib.

“Azərpoçt” MMC məsələ ilə bağlı bildirilib ki, Təhsil Texnologiyaları Mərkəzi ilə aralarında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus dili bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir. İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir. İş dəftərinin real qiymətindən baha satışı mümkün deyil. Sən vurmadın, mən yıxılmadım. Bəs şagird sayına hesablanaraq çap edilən bu dəftərlər niyə “mətah” olub yoxa çıxıb?

Bir çox ekspertlər hesab edirlər ki, əslində iş dəftərlərinin poçtlarda satışa verilməsinin səbəbi poçtların işini bir qədər aktivləşdirmək üçündür. Məqsəd nə olursa olsun, tapşırılan işin yerinə düzgün yetirilməsi lazımdır.

Başqa bir probelm də şagird çantalarının çəkisinin həddən artıq ağır olması ilə bağlıdır. Valideynlər deyirlər ki, əvvəllər uşaqları siniflərə özləri ötürməklə problemi həll edirdilər. İndi karantin qaydalarına əsasən məktəbin darvazasından içəri buraxılmırlar. Bu belə olmaldır, buna etiraz edən yoxdur. Amma öz çəkisi 10-15 kilo olan uşaq 5 kiloluq çantasını sürüyə-sürüyə aparırsa, bu da onun orqanizminə fərqli fəsadlar verəcək. Bu məslə öncələr də dəfələrlə müzakirə edilib, ammahəllini tapmamış qalır. Ya dərsliklər sinifdə saxlanılmalıdır, ya da fərqli bir yöntəm düşünülməlidir. Hər halda bu problemin həll yolunu prosesin içində olanlar daha yaxşı bilərlər. Azyaşlı şagirdləri onsuz da dərs saatları yorur, çəkilərinin yarısı qədər çantlar da onlara əlavə yük olmamalıdır. Həm şagird təhsildən bezməsin, həm də sağlam bir gələcək naminə… (bizimyol.info)

Bənzər yazılar

Back to top button