Hadisə

Polad Aslanovun qardaşı: “Məni Ombudsman Aparatından şikayət əsasında həbs ediblər”

Xeberman.com saytının redaktoru, həbsdə olan Polad Aslanovun qardaşı Niyaməddin Aslanzadə 5 günlük inzibati həbsdən sonra azadlığa çıxıb.

O, Turan-ın müxbirilə söhbətində bildirib ki, Azərbaycan Ombudsman Aparatından şikayət əsasında həbs edilib, guya onun nümayəndələrini təhqir edib.

Lakin şikayətdə nə insidentin baş verdiyi tarix, nə də təhqirin nədən ibarət olduğu göstərilməyib.

Aslanzadə qeyd edib ki, bir neçə ay bundan öncə qardaşı aclıq aksiyası keçirərkən o, Ombudsman Aparatına zəng edib və orada Polad Aslanovun vəziyyətilə maraqlanmadıqlarına hiddətlənib.

Həbsdən bir neçə gün öncə 18-ci polis şöbəsinə çağırıblar, izahat alıblar və deyiblər ki, ona heç bir sualları yoxdur.

Buna baxmayaraq, avqustun 26-da onu polisə çağırıblar, oradan isə məhkəməyə aparıblar və beş sutka həbs ediblər.

O, tamamilə əsassız olaraq həbs edildiyini düşünür və apellyasiya vermək niyyətindədir.

* Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” təşkilatı və digər hüquq- müdafiə qurumları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar.

***

Məlumat üçün bildirmək istərdik ki, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkən məhkum Aslanov Polad İsrail oğlunun qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının təmini ilə bağlı həmin şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı andan onun özünün, ailə üzvlərinin müraciətləri əsasında Ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülmüş, dəfələrlə P.Aslanov istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində Oombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul edilmiş, istintaq prosesi, saxlanma şəraiti və rəftar məsələləri, səhhəti ilə bağlı çoxsaylı sorğular göndərilmiş, bir sıra məsələlər yerində həll edilmişdir.

P.Aslanovun və yaxınlarının çoxsaylı müaraciət və şikayətlərinə operativ reaksiyalara baxmayaraq, onun qardaşı Niyaməddin Aslanzadə tərəfindən dəfələrlə sistematik şəkildə Ombudsman Aparatının Çağrı Mərkəzinə, Ümumi şöbəsinə və digər strukturlarına zəng edilərək, təhqiredici sözlərlə Aparatın əməkdaşları təhqir edilmiş, xoşagəlməz ifadələr istifadə edilmiş, təsisatın gündəlik iş rejimi pozulmuşdur.

Ombudsman Aparatının gündəlik iş rejiminin bərpası və əməkdaşların hüquqlarının müdafiəsi məqsədilə Niyaməddin İsrail oğlu Aslanzadənin törətmiş olduğu əməllərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilmişdir.

Azərbaycan hüquqi dövlətdir, hər bir kəsin hüquqları, o cümlədən şərəf və ləyaqətin müdafiəsi hüququ qanunla qorunur.

Etik qaydalara riayət edərək Niyaməddin İsrail oğlu Aslanzadənin təhqiramiz ifadələrinin qeyd olunduğu səs yazısını ictimaiyyətə təqdim etmirik.

Hörmətlə,

Ombudsman Aparatının

İnformasiya və ictimaiyyətlə əlaqələr sektoru

Bənzər yazılar

Back to top button